12:52 07-06-2021
news_image
110
FUTBOL

Hazırlıq planını açıqladı - “Neftçi”

“Neftçi”nin 2021/22 mövsümünə hazırlıq planı müəyyənləşib. 

Apasport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin hazırlığının ilk mərhələsi Bakıda baş tutacaq. 

İyunun 8-də başlayacaq hazırlıq prosesinin bu mərhələsi ayın 14-dək davam edəcək. Komanda üzvləri tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.

Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.