17:54 07-06-2021
news_image
414
FUTBOL

“Böyük beşliy”in ən gənc debütantları – Azərbaycanda “Sumqayıt”lı oldu

2020/21 mövsümündə Avropanın “böyük beşlik” liqalarında debüt edən ən gənc futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya 5 oyunçu salınıb.

Araşdırma onların meydana ilk dəfə çıxarkən hansı yaş və gündə olmalarına əsasən aparılıb.

Müqayisə üçün Azərbaycan Premyer Liqasında geridə qalan mövsümün ən gənc debütantı “Sumqayıt”ın yarımmüdafiəçisi Sənan Ağayevdir. Bu il fevralın 13-də XV tur çərçivəsində “Səbail”lə qarşılaşmanın son dəqiqəsində oyuna qoşulan Ağayev həmin gün 16 yaş 242 günlüyündə olub. İyunun 16-da Sənanın 17 yaşı tamam olacaq.

1. Uizdom Ami – 15 yaş 274 gün
Ötən mövsüm “Top-5” liqalarda ən gənc yaşda debüt edən futbolçu Ami oldu. Sağ cinah müdafiəçisi iki ildir akademiyasında yer aldığı “Bolonya”da bu şansı yaxaladı. Toqo əsilli oyunçu bununla həm də A seriyası tarixində çıxış edən ən gənc oyunçu kimi tarixə düşdü.

2. Yussufa Mukoko – 16 yaş 1 gün
Mukoko siyahıdakılar arasında transfer qiyməti ən yüksək olan futbolçudur. Akademiyada qolları ilə diqqət çəkən forvard Dortmund “Borussiya”sının heyətində meydana ayaq basanda 16 yaş 1 günlüyündə oldu. Bundesliqada keçirdiyi 14 görüşdə 3 dəfə fərqləndi. Lakin martda Almaniyanın U-21 yığmasının məşqində zədələnərək mövsümü başa vurdu.

3. Məhəmməd-Əli Ço – 16 yaş 108 gün
Siyahıdakı oyunçular arasında ən çox meydana çıxan Çodur. İngiltərəli hücumçu “Anje”nin heyətində debüt edəndə 16 yaş 108 günlüyündə idi. O, mövsüm ərzində Liqa1-də 21 oyunda iştirak etdi.

4. Şaka Traore – 16 yaş 108 gün
Fil Dişi Sahilidən olan hücumçu “Parma” formasını A seriyasının 3 matçında geyindi. Onun debüt günü Məhəmməd-Əli Çonun göstəriciləri ilə eyni oldu.

5. Kaçper Urbanski – 16 yaş 247 gün
“Lexiya” qış fasiləsində 16 yaşlı yarımmüdafiəçini “Bolonya”ya icarəyə verdi. İtaliya klubu onu birdəfəlik transfer etmək hüququna malikdir. Gənc futbolçu “Cenoa” ilə qarşılaşmada cəmi 1 dəqiqə meydanda qalmasına baxmayaraq, bununla A seriyasında debüt edə bildi. O, “Bolonya”ya keçməzdən əvvəl də “Lexiya”nın forması altında Polşa çempionatında meydana çıxan ən gənc oyunçu olmuşdu.