10:40 29-08-2008
news_image
386
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları Rusiyada keçirilən blits-turnirin təsnifat mərhələsini adlaya bilməyiblər

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan blits-turnir start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanı bu yarışda təkcə Şəhriyar Məmmədyarov təmsil edəcək. Belə ki, blits-turnirə qatılmaq üçün seçmə mərhələdə mübarizə aparan Vüqar Həşimovla Rauf Məmmədov etimadı doğrultmayıb. R. Məmmədov 11,5 xalla 6-9-cu, V. Həşimov isə 11 xalla 10-13-cü pillələri bölüşüblər. Blits-turnirdə çıxış etmək hüququnu ilk dörd yeri tutan şahmatçılar - Aleksandr Qrişuk (Rusiya), Sergey Movsesyan (Slovakiya), Sergey Karyakin (Ukrayna) və Boris Qraçov (Rusiya) qazanıblar. Anatoli Karpov, Pyotr Svidler, Vladislav Tkaçov (hamısı Rusiya) və Maqnus Karlsen (Norveç) təşkilatçılar tərəfindən turnirə dəvət alıblar. Digər 10 iştirakçı isə Ş. Məmmədyarovla yanaşı, XX kateqoriyalı yarışa qatılmış Vladimir Kramnik (Rusiya), Vasili İvançuk (Ukrayna), Aleksey Şirov (İspaniya), Yevgeni Alekseyev (Rusiya), Peter Leko (Macarıstan), Qata Kamski (ABŞ), Ruslan Ponomaryov (Ukrayna), Boris Qelfand (İsrail) və Aleksandr Morozeviçdir (Rusiya). Blits-turnirin qalibi sabah müəyyənləşəcək.