22:22 08-06-2021
news_image

Hidayət Heydərov 5-ci oldu - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə daha iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Azərbaycan yığmasının üzvləri yalnız kişilərin 73 kq çəki dərəcəsində tatami üzərinə çıxıb. Hidayət Heydərovla Nurlan Osmanov medallar uğrunda mübarizəyə qoşulub və onlardan birinci medalın bir addımlığında büdrəyib.

Kişilər
73 kq

Hər iki təmsilçimiz I mərhələdən yarışa başlayıb. Uzun fasilədən sonra bu çəki dərəcəsinə qayıdan Hidayət Heydərovun rəqibi mozambikli Ayton Siquie olub. O, ipponla qalib gəlib. Heydərov ikinci cəhdində Yakub Jesmineki (Çexiya) də ippona salıb. 1/8 finalda Covanni Espositonu (İtaliya) mübarizədən kənarlaşdıran təmsilçimiz 1/4 finalda Bilal Çiloğlunu (Türkiyə) sınağa çəkib. Təəssüf ki, Hidayət uğurlu seriyasını davam etdirə bilməyib və rəqib yarımfinala yüksəlib 

Cüdoçumuz təsəlliverici qarşılaşmada macarıstanlı Mikloş Unqvari ilə qüvvəsini sınayıb. Qələbə qazanan Heydərov bürünc medal uğrunda görüşdə yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gəlib. Hidayət uduzduğundan 5-ci yeri tutub. 

İsveçli Tommy Maçiasla qarşılaşan Nurlan Osmanov debütdə məğlub olub. 

Qeyd edək ki, çempionata 12 cüdoçu ilə qatılan millimizin 6 üzvü ilk iki gündə tatami üzərinə çıxıb. Onlardan Kəramət Hüseynov (60 kq) 3-cü yerin sahibi kimi mükafatçılar sırasına düşüb.