15:10 08-06-2021
news_image
175
AVRO-2020

7 ölkə təmsilçisi Azərbaycanda – AVRO-2020-yə doğru

AVRO-2020-də iştirak edəcək 24 ölkədən yalnız yeddisinin təmsilçisi Azərbaycan Premyer Liqasının son mövsümündə meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, milliləşmənin kütləvi olduğu dövrdə futbolçuların Peşəkar Futbol Liqasındakı qeydiyyatını əsas götürsək, Fransa, Belçika, İspaniya, Ukrayna, Rusiya, Xorvatiya və Şimali Makedoniya millilərinin Premyer Liqada da azarkeşi var.

Son dünya çempionu və qarşıdakı yarışın əsas favoriti olan Fransa təmsilçi sayında da digərlərini qabaqlayır. Müxtəlif ölkələrlə bağlılığı olan 6 fransalı Premyer Liqada şans qazanıb. Bunlar Stiven Monroz (“Neftçi”), Abdullah Zubir (“Qarabağ”), Nikolas Raysel (“Qəbələ”), Amadu Diallo, Kevin Kubemba (hər ikisi “Sabah”) və Rodriqo Bonqonquidir (“Zirə”).

Mundialın finalçısı isə iki azarkeşə malikdir. Bunlar Filip Ozobiçlə (“Qarabağ”) Vinko Medimoreçdir (“Qəbələ”).

Son üç qitə çempionatından ikisinin qalibi olan İspaniya Premyer Liqamzda bir nəfərlə təmsil edilib. Bu da “Qarabağ”ın üzvü Xayme Romerodur.

Artıq neçə illərdir hamının uğur gözlədiyi, amma hələ də istəniləni verməyən Belçikanın yeganə təmsilçisi isə “Neftçi”dədir. Bu, Sabir Buqrindir.

Postsovet məkanı təmsilçiləri Rusiya və Ukraynanın təmsilçilərini saymaq isə müşkül məsələdir. Bu ölkələrdən gələnlərin əksərinin milliləşdiyini nəzərə alsaq, hər yığma iki oyunçu tərəfindən dəstəklənəcək. Camaladdin Xocaniyazov (“Sumqayıt”) və Abdulax Xaibulayev (“Sabah”) rusiyalıları, Dmitri Klots (“Keşlə” və “Sabah”) və Zurab Oçiqava (“Sabah”) ukraynalıları dəstəkləyəcək.

Final mərhələsinin debütantı və autsayder gözü ilə baxılan Şimali Makedoniyanın təmsilçiləri isə elə Premyer Liqanın autsayderi “Səbail”də çıxış edib. Bunlar Milovan Petroviklə Florian Kadriudur.