15:55 08-06-2021
news_image
507
FUTBOL

Ən böyük xəyalı – Elxan Məmmədovun

“Demək olar ki, eyni dildə danışdığımız, ortaq tarixə sahib olduğumuz üçün yerli sakinlərin çoxu Türkiyəni dəstəkləyəcək. Uelslə İsveçrə arasındakı matç zamanı isə kim yerli xalqla sosial cəhətdən daha aktiv olarsa, o daha çox dəstək alacaq”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın vitse-prezidenti Elxan Məmmədov “SunSport” nəşrinə açıqlamasında deyib.

Assosiasiya rəsmisi AVRO-2020 üçün ölkəmizə gələn komandaların paytaxtımızda gözəl vaxt keçirəcəklərini söyləyib: “Bakıda hər ailə, hər insan, hər uşaq şahmat oynaya bilər və dünya çempionları yetişdirmişik. Uels paytaxtımızda digər komandalardan daha çox qalacaq. İyunun 17-nə qədər buradan ayrılmayacaq. Bakıdan həzz ala biləcəksiniz. Hava çox gözəldir və çimərlik avtomobillə cəmi 25 dəqiqəlik məsafədədir”. 

Məmmədov Azərbaycan millisini də böyük turnirlərdə görmək arzusunda olduğunu etiraf edib: “Azərbaycan böyük turnirlərə ev sahibliyi etməkdənsə, onlara vəsiqə qazanmaq istəyir. Bu, bizim və şəxsən mənim ən böyük xəyallarımdan biridir. İndiyə qədər fərdi idman növü ölkəsiydik. Güləş, cüdo, karate, şahmat... və hakim. 1966-cı ildə İngiltərənin dünya çempionluğunu qazanmasında rolu olan və sizin “rusiyalı yan xətt hakimi” adlandırdığınız Tofiq Bəhramov əslində azərbaycanlıdır. Onun nəvəsi son vaxtlaradək AFFA-da bizimlə çalışırdı”.

O, yığmamızın seçmə mərhələdəki çıxışına da toxunub: “Seçmə mərhələ üçün çalışırıq, orada uğurlu çıxış etmək istəyirik. “Qarabağ”, “Neftçi” və “Qəbələ” avrokubokların qrupunda çıxış ediblər. Bu səbəbdən düşünürəm ki, milli komandamızı Avropa çempionatında gərməyimizə uzun müddət qalmayıb”.

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunları, həmçinin 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.