21:48 08-06-2021
news_image
846
FUTBOL

“Legiya”ya gəlməyimin ən vacib səbəbi...” – Mahir Emreli

“Legiya”ya gəlməyimin ən vacib səbəbi çempionluq uğrunda müntəzəm mübarizə və avrokuboklarda oynamaqla klubu inkişaf etdirmək istəyi idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın yeni transferi Mahir Emreli bu gün keçirilən təqdimat mərasimində deyib.

Polşa çempionu ilə münasibətləri rəsmiləşdirən Azərbaycan millisinin hücumçusu daha güclü liqaya yollandığını söyləyib: “Polşa çempionatı Azərbaycan liqasından daha yaxşıdır və bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Bu klub hər zaman kuboklar uğrunda mübarizə aparır və ölkələrini Avropa yarışlarında təmsil edir. Hiss edirəm ki, burada Azərbaycandan daha çox inkişaf edə bilərəm. Bacarıqlarımı ortaya qoymaq və özümü digər klublara da göstərmək fürsəti qazanacağam”.

24 yaşlı futbolçu Polşada gəzməli yerlərin çox olduğunu əlavə edib: “Polşa haqda çox şey eşitmişəm. Hər şəhərində bir neçə simvolik məqam və ziyarət etmək üçün gözəl yerlər var. Vaxtım olanda mütləq gəzəcəyəm”.

“Qarabağ”dan alınan forvard komandaya tam hazır qoşulacağını deyib: “İndinin özündə oynamağa hazıram. Baş məşqçi mənə şans versə, özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, “Legiya” ilə 3 illik müqavilə imzalayan Mahir Emreli yeni Varşava təmsilçisində 11 nömrəli formanı geyinəcək.