10:16 09-06-2021
news_image
148
AVRO-2020

İspaniyadan rekord, İngiltərə pusquda – AVRO-2020-yə doğru

Avropa çempionatının bir tsiklində ən çox het-trik edən komanda bəlli olub.

Apasport.az saytının məlumatına görə, mütləq rekord İspaniyaya məxsusdur.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmalarına əsasən pireneylilər bu göstəriciyə AVRO-2000-də imza atıb. Həmin vaxt İspaniya yığmasının üzvləri 5 qarşılaşmada üç və ya daha çox top vurub.

Bunların birində 4, dördündə 3 qol vurulub. Belə matçların hamısı seçmə mərhələyə təsadüf edib.

Raul Avstriyaya (9:0) dörd, San-Marinoya (6:0) üç qol vurub. İndiki baş məşqçi Luis Enrike isə sonuncularla ikinci qarşılaşmada (9:0) üç dəfə fərqlənib.

Kiprlə matçda (8:0) iki het-trik qeydə alınıb. İsmael Ursaiz və Xulen Gerrero hərəyə üç top vurub.

İspaniyanın rekordunu İngiltərə təkrarlaya, hətta yeniləyə bilər. Futbolun yaradıcıları AVRO-2020-nin seçmə mərhələsində üç het-trik edib. Final mərhələsində iki belə uğur rekordun təkrarlanması üçün yetərli olacaq.