11:46 13-06-2021
news_image
168
FUTBOL

Serxio Aqueronun “Mançester Siti”də qırdığı rekordlar – 10 illik macəra

“Mançester Siti”də Serxio Aquero erası sona çatıb.

Apasport.az saytının məlumatına görə, “Barselona” ilə müqavilə imzalayan argentinalı ulduz futbolçunun “şəhərlilər”dəki 10 illik macərası yekunlaşıb.

33 yaşlı forvard 2011/12 mövsümünün son turunda KPR-lə matçda vurduğu qolla bu komandaya 44 ildən sonra ölkə çempionluğunu qazandırıb.

Aqueronun “Mançester Siti”nin forması altında qırdığı bəzi rekordları təqdim edirik.

Premyer Liqa tarixində bir klubda ən çox qol vurma – Premyer Liqa tarixinin bombardiri Alan Şirerdir. Əfsanəvi forvardın aktivində 260 qol var. Amma o, bu qolları “Blekbern” və “Nyukasl”ın heyətində vurub. Ueyn Runi və Endi Koul isə birdən çox klubun heyətində vurduğu toplar sayəsində ilk “üçlüy”ün digər sakinləridir. Aquero isə Premyer Liqadakı 184 qolunun hamısına “Mançester Siti”nin heyətində imza atıb.

“Mançester Siti”də ən çox çempionluq qazanma – Argentinalı təkcə Premyer Liqada deyil, bütün turnirlərdə “şəhərlilər”lə ən çox titul qazanan futbolçudur. O, 5 dəfə Premyer Liqa çempionluğu ilə yanaşı, 1 dəfə İngiltərə Kubokunun, 6 dəfə İngiltərə Liqa Kubokunun, 3 dəfə isə İngiltərə Superkubokunun qalibi olub. Bu da ümumilikdə 15 kubok deməkdir.

Premyer Liqada ayın futbolçusu rekordu – Ulduz futbolçu “şəhərlilər”in forması altındakı çıxışı sayəsində 7 dəfə ayın futbolçusu mükafatına layiq görülüb. Bunlar 2013-cü ilin oktyabrına, 2014-cü ilin noyabrına, 2016-cı ilin yanvarına, aprelinə, 2018-ci ilin fevralına, 2019-cu ilin fevralına və 2020-ci ilin yanvarına təsadüf edib.

Premyer Liqada ən çox qol vuran əcnəbi – Aquero daha əvvəl Tyerri Anriyə məxsus Premyer Liqa tarixinin ən məhsuldar əcnəbi futbolçusu ünvanını ələ keçirib. Fransalı sabiq forvard İngiltərə çempionatını 175 qolla tamamlayıb. Aqueronun isə aktivində 184 top var. Anri Premyer Liqanın bombardirləri sıralamasında 6-cıdırsa, Aquero 4-cü sıradadır.

Premyer Liqada ən çox het-trik – 33 yaşlı hücumçu Premyer Liqa karyerasına 12 het-trik sığdırıb. Bununla o, Alan Şirerə məxsus 21 illik rekordu (11 het-trik) qırıb. Aquero sonuncu dəfə keçən ilin yanvarında bir matçda 3 dəfə fərqlənib. O, “Nyukasl” (2 dəfə), “Çelsi” (2 dəfə), “Viqan”, “Tottenhem”, KPR, “Uotford”, “Lester”, “Haddersfild”, “Arsenal” və “Aston Villa” ilə qarşılaşmalarda rəqibi 3 qolla məyus edib.

“Mançester Siti” tarixinin bombardiri – Ötən mövsümün əvvəlində ağır zədə alan Aquero müqavilə müddəti başa çatmaq üzrə olduğundan, sağaldıqdan sonra çox oynamaq şansı əldə etməyib. Argentinalı “şəhərlilər”də olduğu müddətdə 260 dəfə fərqlənməklə, “Mançester Siti” tarixinin ən qolçu oyunçusuna çevrilib. O, 177 qola sahib Erik Brukun 80 illik rekordunu yeniləyib.