00:00 10-06-2021
news_image
189
FUTBOL

9-u bacarıb, 11-i iddia edir – “Qızıl dubl”a

Həm klub, həm yığma ilə Avropanın ən güclüsü olmağa namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2021-ci ildə bu uğura 11 futbolçu imza ata bilər.

Söhbət eyni ildə 2 finalda meydana çıxaraq Çempionlar Liqası və Avropa çempionatının qalibi olanlardan gedir. Bunlar “Çelsi” ilə Çempionlar Liqasını qazanan oyunçulardır. Bu “11-lik” qarşıdakı AVRO-2020-də də zəfər qazanmaq şansına malikdir.

“Qızıl dubl”a iddia edən futbolçular 7 müxtəlif yığmanın üzvləridir. Ris Ceyms, Meyson Maunt və Ben Çiluell (hamısı İngiltərə), Timo Verner, Kay Haverts, Antonio Rudiger (hamısı Almaniya), Andreas Kristensen (Danimarka), Sesar Aspilikueta (İspaniya), Nqolo Kante (Fransa), Jorjinyo (İtaliya) və Mateo Kovaçiç (Xorvatiya) bu uğura yaxındır.

İndiyədək 9 futbolçu buna imza atıb. 1964-cü ildə Luis Suares (İspaniya, “İnter”), 1988-ci ildə Hans van Brekelen, Ronald Kuman, Berri van Arle, Cerald Vanenburq (Niderland, PSV), 2012-ci ildə Fernando Torres,  Xuan Mata (İspaniya, “Çelsi), 2016-cı ildə Kriştiano Ronaldo və Pepe (Portuqaliya, “Real”) ikiqat zəfər çalıb.

Qeyd edək ki, “Çelsi”nin daha 6 üzvü AVRO-2020-nin qalibi olmaq şansına malikdir. Lakin onlar Çempionlar Liqasında finalda meydana çıxmayıb. Tarixdə finalların birində meydana çıxmadan iki çempionluq qazananlara isə əvvəllər də təsadüf olunub.