22:15 09-06-2021
news_image
298
FUTBOL

Məşqçilərlə bağlı bilmədiyiniz hər şey – AVRO-2020

AVRO-2020-nin startına üç gün qalıb.

Apasport.az saytının məlumatına görə, Bakı və Avropanın digər 10 şəhərində keçiriləcək turnirdə çıxış edəcək 24 komandanın baş məşqçiləri maraqlı məqamları ilə diqqət çəkir.

Onlar yaş, qazanc, titul, vətəndaşlıq baxımından da fərqlənir. AVRO-2020-nin çalışdırıcıları ilə bağlı maraqlı məqamları təqdim edirik:

Ən gənc
Andrey Şevçenko AVRO-2020-nin ən gənc baş məşqçidir. Ukraynalı mütəxəssis bu il 45 yaşını qeyd edəcək.

Ən yaşlı
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin ən yaşlısıdır. O, bir həftə öncə 69 yaşını qeyd edib.

Uzunömürlü
AVRO-2020-nin iştirakçıları arasında Yoahim Löv hazırkı postunda ən uzun müddət qalan baş məşqçidir. DÇ-2006-dan öncə Almaniya yığmasında Yurgen Klinsmannın komandasına cəlb olunan məşqçi mundialdan sonra baş məşqçi təyin olunub və 15 illik fəaliyyətinə qitə çempionatında yekun vuracaq.

Ən uğurlu
Yoahim Löv həm də AVRO-2020-nin ən titullu məşqçisidir. DÇ-2014 və Konfederasiyalar kuboku-2017-nin qalibinin kolleksiyasında AVRO-2008-in gümüş, AVRO-2012 və AVRO-2016-nın, həmçinin DÇ- 2010-nun bürüncü var. Lövün komandası yalnız DÇ-2018-də mükafatsız qalıb.

Son finalçılar
AVRO-2016-nın finalçıları da uğurları ilə öyünə bilər. Fransalı Didye Deşam DÇ-2018-in qalibi, AVRO-2016-nın finalçısıdır. Portuqaliyalı Fernandu Santuş 2016-da Avropa çempionatı, 2019-da Millətlər Liqasının qalibi olubsa, Konfederasiyalar kubokunun bürüncünə yiyələnib.

Tarix yazanlar
Bəzi məşqçilər öz ölkəsi üçün tarixi nailiyyətlər qazanıb. Zlatko Daliç Xorvatiya ilə DÇ-2018-in finalçısı olub. Belçika elə həmin çempionatda Roberto Martineslə bürüncə yiyələnib. 2002-ci ildə Şenol Günəşli Türkiyə üçüncülüyə sevinib. Qaret Sautqeytin rəhbərlik etdiyi İngiltərənin Millətlər Liqasında iki il əvvəlki bürüncü də uğur sayılır.

İlk müəllifləri
Marku Kanerva və İqor Anqelovski də tarix yazan çalışdırıcılardır. Onlar müvafiq olaraq Finlandiya və Şimali Makedoniyanı tarixində ilk dəfə yüksəldiyi qitə çempionatına daşıyıb.

Əvəzləyici
Robert Peyc AVRO-2020-də baş məşqçi vəzifəsini icra edən yeganə mütəxəssisdir. O, qalmaqallar və məhkəmə proseslərinə başı qarışdığından yarışı buraxacaq Rayan Giqqzi əvəzləyəcək.

Əcnəbilər
24 yığmadan beşində legioner baş məşqçi çalışır. Belçikada ispaniyalı Roberto Martines, serbiyalı Vladimir Petkoviç İsveçrə yığmasında uğurla fəaliyyət göstərir. Sonuncu artıq bu ölkənin vətəndaşlığını da alıb. Bundan başqa, portuqaliyalı Paulo Souza Polşa, almaniyalı Franko Foda Avstriya, italiyalı Marko Rossi Macarıstan millisinə başçılıq edir.

Ödənişli
AVRO-2020-nin ən yüksək ödənişli məşqçisi Yoahim Lövdür. Almaniyalı ildə 4,75 milyon avro qazanır. Didye Deşam (Fransa) 4,39, Qaret Sautqeyt (İngiltərə) və Frank de Bur (Niderland) hərəyə 3 milyon maaş alır. Rusiyalı Stanislav Çerçesovda bu rəqəm 2,50-yə, portuqaliyalı Fernandu Santuşda 2,25-ə bərabərdir. Roberto Mançini (İtaliya) 2, Luis Enrike (İspaniya) 1,5, Roberto Martines (Belçika) 1,2 milyon qazanır.

90 minlik məşqçi
AVRO-2020-nin ən az qazanan məşqçisi İqor Anqelovskidir. Şimali Makedoniyanın çalışdırıcısı ildə 90 min avro qazanır. Stefan Tarkoviç (Slovakiya) 180, Marku Kanerva (Finlandiya) 190 minlə komandasını uğurlara daşıyır.