12:34 29-08-2008
news_image
383
STOLÜSTÜ OYUNLAR

Gürcüstan şahmatçıları Rusiyada keçirilən dünya çempionatını boykot ediblər

Bakı. Kənan Həsənov - APA-Sport. Gürcüstan şahmatçıları bu gün Rusiyanın Nalçik şəhərində start götürən dünya çempionatına qatılmayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, onlar Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinova ünvanladıqları məktubda bu addımlarının səbəbini iki ölkə arasında yaşanan siyasi gərginliklə əlaqələndiriblər. Sənəd Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanımasından öncə FİDE-yə göndərilib. Ancaq qarşı tərəf müraciəti müsbət cavablamayıb. Təhlükəsizlik baxımından dünya çempionatının başqa şəhərdə keçirilməsini istəyən Maya Çiburdanidze, Lela Cavaxişvili, Sopiko Qvetadze, Nino Xurtsidze, Maya Lomineişvili və Sopiko Xuxaşvili xahişləri yerinə yetirilmədiyindən yarışı boykot ediblər. Gürcüstan şahmatçılarının olimpiya sistemi üzrə təşkil olunan çempionatın 1/32 finalında qarşılaşacaqları rəqiblərə texniki qələbə veriləcək.
Qeyd edək ki, 450 min ABŞ dolları mükafat fondu olan dünya çempionatında Azərbaycan şahmatçısı İlahə Qədimova da mübarizə aparacaq. Püşkə əsasən, 33 yaşlı şahmatçımız 1/32 finalda almaniyalı Elizabet Peytslə görüşəcək.