17:48 10-06-2021
news_image

“Bir neçə dəqiqə sonra xəbər aldım ki...” – Hacı Əliyev

“Beynəlxalq turnir 5 görüş keçirdim və 4 qələbə qazandım”.

Apasport.az saytının məlumatına görə, bunu Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində Azərbaycan millisinin sərbəst güləşçisi Hacı Əliyev deyib.

Varşavada “Poland Open” turnirində 70 kq çəki dərəcəsində bürünc medal qazanan titullu güləşçimiz çətin görüşlər keçirdiyini bildirib: “Üç qələbədən sonra düşündüm ki, artıq finala yüksəlmişəm. Ancaq bir neçə dəqiqə sonra xəbər aldım ki, yarımfinalda güləşəcəyəm. Çox çətin olsa da, öz çıxışımdan razıyam. Məşqçilərimizin də məndən məmnun qaldıqlarını fikirləşirəm”.

Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını əlavə edib: “Son hazırlığımızı Rusiyanın Mahaçqala şəhərində keçdik. Təxminən 2-3 həftə orada təlim-məşq toplanışında olduq. Ona qədər isə Bakıda və Göygöldə hazırlıq keçmişdik. Olimpiadaya artıq çox az vaxt qalıb və sərbəst güləşdə 3 lisenziyamız var. Üç nəfər də olsaq, yaxşı hazırlaşırıq. Bundan sonra iki təlim-məşqimiz qalıb. Daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu nəticə qazanacağımıza inanıram”.

Olimpiadada 65 kq çəki dərəcəsində mübarizə aparacaq idmançımız hədəfinin çempionluq olduğunu vurğulayıb: “65 kq Yay Olimpiya Oyunlarında ən güclü çəkilərdən biridir. Rəqiblərim çoxdur. Mən də daxil olmaqla bu çəkidə bir neçə güləşçi var ki, olimpiya çempionu olmağa layiqdir. Kiminsə zəif və ya güclü olduğunu deməzdim. Olimpiadada gözəl nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Rio-de-Janeyrodakı Olimpiadada bürünc medal qazanmışam. Tokioda bunu qızıla çevirməyə çalışacağam”.