09:56 11-06-2021
news_image
444
AVRO-2020

“Heç kimin gözləmədiyi ölkə qalib ola bilər” - Aslan Şahgəldiyev

“Avropa çempionatında bizim üçün ən maraqlı oyunlar Türkiyənin yer aldığı qrupda keçiriləcək”.

Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

Bu gün start götürəcək AVRO-2020 ilə bağlı düşüncələrini bölüşən PFL rəsmisi azərbaycanlı futbolsevərlərin əsas diqqətinin Türkiyə yığmasının matçlarına yönələcəyini söyləyib. O, Avropa çempionunun isə F qrupundakı komandalardan birinin olacağını düşünür: “Türkiyə bizə qardaş ölkədir, vətənimizdə kifayət qədər azarkeşləri var. Təsnifat mərhələsində son dünya çempionu Fransaya məğlub olmadılar (2:0, 1:1). Ancaq bütün qruplara nəzər salsaq, görərik ki, əgər AVRO-2020-dən danışırıqsa, F qrupu mütləq vurğulanmalıdır. Turnirin ölüm qrupudur. Son dünya çempionu (Fransa), son Avropa çempionu (Portuqaliya), Almaniya və Macarıstan bu qrupda mübarizə aparacaq. Elə yığmalardır ki, haqlarında, tarixləri, uğurları barədə saatlarla danışmaq olar. Zənnimcə, turnirin qalibi də bu qrupdan olacaq”.

Digər favoritləri də dəyərləndirən Şahgəldiyev Belçika və İtaliyaya xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb: “Digər qruplara diqqət yetirdikdə İngiltərə, İspaniya və İtaliyanı xüsusi vurğulaya bilərik. Sadaladığım millilərə əsas başağrısı ola biləcək yığma kimi Belçikanı hesab edənlər də az deyil. Onlar təsnifat mərhələsində keçirdikləri 10 oyunun hamısında qalib gələn iki komandadan biridirlər (digəri İtaliya). Top fərqi 40-3-ə idi. O dövrdə qruplarının favoritlərindən olan (yeri gəlmişkən, Avropa çempionatında da eyni qrupda yer alıblar) Rusiyanın qapısından iki oyunda 7 top keçiriblər. Digər əsas favorit kimi İtaliya millisini göstərmək olar. 27 oyundur məğlub olmayan italyanlar son 8 görüşdə rəqib qapılarından 25 top keçirib, öz qapısında qol görməyib. An etibarilə bu göstərici favoritlər arasında ən uzunmüddətli məğlubiyyətsiz seriyaya malikdirlər”.

Aslan Şahgəldiyev çempion olmasını arzuladığı komandanın adını da açıqlayıb: “İstənilən halda, pandemiyanın dünyada vüsət alması bütün futbol dünyasına təsir göstərib. Budəfəki çempionatda heç kimin gözləmədiyi ölkə də qalib ola bilər. Avropa çempionunun kim olacağını dəqiq demək mümkün deyil. Çox istərdim ki, ya İtaliya, ya da qardaş ölkə Türkiyə çempion olsun”.

Qeyd edək ki, AVRO-2020 bu gün keçiriləcək Türkiyə - İtaliya (23:00) oyunu ilə start götürəcək.