17:44 11-06-2021
news_image

Beynəlxalq turnirdə 10 medal - boksçularımızdan

Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 

Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, 8 ölkədən 120-dən çox idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edib.

Turnirdə baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında 12 (10 oğlan, 2 qız) boksçu mübarizə aparıb. Onlardan 10-u çıxışını medalla başa vurub. Yığmamız 3 qızıl, 2 gümüş və 5 bürünc mükafata sahib olub. 

Finalda boksçularımızdan Kənan Babayev (48 kq) Humoionmirzo Abdurasulovu (Özbəkistan), Məhəmmədəli Qasımzadə (54 kq) Fərrux Tulağanovu (Özbəkistan), Emili Rzayeva (63 kq) Anna Seredanı (Belarus) məğlub edərək, qalib adına yiyələnib. 

Həlledici görüşdə məğlub olan Mahir Süleymanovla (52 kq), Fərhad Şeydayev (63 kq) ikinci yeri tutublar. Tofiq Quliyev (46 kq), Ənəs Ağayev (50 kq), Fuad Babayev (60 kq), Sənan Hətəmov (63 kq) və Lilya Platova (57 kq) isə bürünc medalla kifayətləniblər. 

Yığmamız komanda hesabında üçüncü yeri tutub. Millimizi Belarus və Özbəkistan qabaqlayıb. 

Qeyd edək ki, turnirdə iştirak iyulda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.