11:35 12-06-2021
news_image

“O, qızıl medal qazanıb-qazanmayacağımı bilir” – Mariya Stadnik

“Turnirdəki çıxışdan razı qaldım, çünki qızıl medal qazandım”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirindəki çıxışı barədə danışarkən deyib.

Qadınlardan ibarət millimizin lideri bunun Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi son turnir olduğunu söyləyib: “Dağdakı təlim-məşq toplanışından sonra zalda nəfəs almaq çətin olur. Özünü çəkin ağırlaşmış kimi hiss edirsən. Olimpiada öncəsi özümüzü sınamalı idim. Hansı formada olduğumuzu görməli, hazırlığa daha nələri əlavə etməli olduğumu bilməli idim”.

2 dəfə dünya, 8 dəfə Avropa çempionu olan 33 yaşlı güləşçi apreldə Varşavada qazandığı qitə birinciliyinin qızıl medalını da dəyərləndirib. O, həmin yarışın daha çətin alındığını bildirib: “Çünki bu, karantindən sonrakı ilk turnirim idi. İl yarım idi heç bir yarışa qatılmırdım. Bu üzdən daha çox psixoloji planda çətin idi. İndi daha yaxşı formadayam və özümə daha çox güvənirəm. Bu baxımdan Polşadakı turnir nisbətən asan oldu”.

Stadnik gələn ay start veriləcək Tokio-2020-yə fiziki və psixoloji cəhətdən hazır olmağın önəmini vurğulayıb: “Bunların qaydasında olması üçün üzərimdə çalışıram ki, Olimpiadada qızıl medal qazanım. Son Olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. O, qızıl medal qazanıb-qazanmayacağımı bilir. Mən isə bunun üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.