14:58 14-06-2021
news_image
172
AVRO-2020

Bütün avtoqollar – Avropa çempionatlarında

AVRO-2020 avtoqolla start götürüb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın 3:0 hesabı ilə Türkiyə üzərində qələbə qazandığı görüşdə ikincilərin müdafiəçisi Merih Demiral 53-cü dəqiqədə topu öz qapısından keçirməklə hesabı açıb.

Bu isə 1960-cı ildən keçirilən Avropa çempionatlarının 10-cu avtoqolu kimi tarixə düşüb. Bu yazıda qitə birinciliklərinin bütün avtoqollarını xatırlayacağıq.

1. Anton Ondrus
Avropa çempionatları tarixinin ilk avtoqolu 1976-cı ilə təsadüf edib. Həmin turnirin qalibi olan Çexoslovakiya yığmasının kapitanı Anton Ondrus Niderlanda qarşı keçirilən açılış matçında topu öz qapısına vurub. Bu üzdən əlavə 30 dəqiqə oynanılıb və Çexoslovakiya meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

2. Lyuboslav Penev
Bolqarıstan Avropa çempionatlarına çox az qatılan komandadır. Birinci dəfə İngiltərədə təşkil olunan AVRO-1996-ya qatılan bolqarlar ilk iki görüşdə 4 xal toplayaraq, qrupdan çıxmaq üçün böyük şans əldə edib. Lakin son görüşdə Fransaya 1:3 hesablı məğlubiyyət bu ümidin üstündən xətt çəkib. Həmin qarşılaşmada Penev Fransanın ikinci qolunun müəllifi olub.

3. Deyan Qovedariça
Yuqoslaviya sonuncu dəfə Avropa çempionatında 2000-ci ildə iştirak edib. Həmin turnirdə komanda 1/4 finala qədər irəliləyib. Lakin Niderland qarşısında aciz qalaraq (1:6) turnirlə vidalaşıb. Niderlandla matçda yuqoslavların qapısından 3-cü topu məhz öz oyunçusu Qovedariça keçirib.

4. İqor Tudor
Qatıldığı hər turnirin gizli favoritlərindən sayılan Xorvatiya AVRO-2004-də uğursuzluğa düçar olub. Qitə birinciliyinə İsveçrə ilə bərabərə qalaraq başlayan xorvatlar daha sonra Fransa ilə də 2:2 hesablı heç-heçə edib. Həmin oyunda Tudor avtoqolla hesabı açıb.

5. Jorje Andrade
Avropa çempionatları tarixində ilk dəfə bir futbolçu avtoqol müəllifi olsa da, komandası meydanı qalib tərk edib. Bu, AVRO-2004-ün yarımfinalına təsadüf edib. Niderlandla qarşılaşmada Portuqaliya 2:0 öndə olarkən Jorje Andradenin avtoqolu fərqi minimuma endirməsinə baxmayaraq, komandası finala yüksəlməyi bacarıb.

6. Qlen Conson
Qlen Conson AVRO-2012-də az qala ingilisləri növbəti mərhələdən məhrum edəcəkdi. Onun İsveçlə görüşdəki avtoqolu hesabı bərabərləşdirib. Ardından rəqib önə də keçib. Lakin özündə güc tapan ingilislər 2 qol vuraraq 3:2 hesablı qələbə qazana bilib.

7. Kiran Klark
İrlandiya yığması AVRO-2016-ya İsveç önündə bərabərliklə başlayıb. E qrupundakı görüşdə irlandlar hesabı açsa da, Kiran Klark avtoqolla komandasının qələbəsini əlindən alıb.

8. Birkir Mar Sevarsson
İslandiya qitə birinciliyində 2016-cı ildə debüt edib. Qrup mərhələsinin II turunda Macarıstanla görüşdə komanda hesabı açıb. Lakin Sevarssonun avtoqolu macarlara 1 xal qazandırıb.

9. Qaret Makauli
AVRO-2016 ən çox avtoqol qeydə alınan turnir kimi tarixə düşüb. Şimali İrlandiya həmin turnirdə 1/8 finala yüksəlməsinə baxmayaraq, Qaret Makaulinin öz qapısından keçirdiyi yeganə top sayəsində Uels adını 1/4 finala yazdıran tərəf olub.

10. Merih Demiral
Merih Avropa çempionatları tarixində açılış matçında ilk qolu öz qapısından keçirən futbolçu olub. Bu da qitə birinciliklərinin 10-cu avtoqolu kimi tarixə düşüb.