15:28 20-06-2021
news_image
254
AVRO-2020

AVRO-2020-nin braziliyalıları – 3-ü İtaliyada

Braziliya Cənubi Amerika ölkəsi olmasına baxmayaraq, elə bir qitə yoxdur ki, orada hansı yığmanın heyətində bu ölkə nümayəndəsi olmasın.

Apasport.az saytının məlumatına görə, hətta hazırda AVRO-2020-yə qatılan millilərin heyətində də “sambaçı”lar var.

Konkret olaraq 7 Braziliya əsilli oyunçu qitə birinciliyində iştirak imkanı qazanıb. Maraqlıdır ki, onlardan 3-ü İtaliya yığmasının formasını geyinir.

AVRO-2020-nin braziliyalıları ilə tanış olaq...

Tyaqo Alkantara (İspaniya)
Keçmiş braziliyalı futbolçu Mazinyo Alkantaranın 2 oğlu da onun sənətini davam etdirir. Rafinya Braziliya millisində çıxış edirsə, qardaşı Tyaqo İspaniya yığmasında oynamağı üstün tutub. 30 yaşlı yarımmüdafiəçi qitə birinciliyində orta sahədə ən çox güvənilən simadır.

Mario Fernandes (Rusiya)
2012-ci ildə “Qremio”dan Moskva MOİK-inə keçən sağ cinah müdafiəçisi həmin vaxtdan Rusiyada çıxış edir. 2017-ci ildə Rusiya yığmasında debüt edən Fernandes Belçika ilə ilk görüşdə (0:3) 90 dəqiqə meydanda olub.

Marlos (Ukrayna)
2012-ci ildə “Metallist”ə keçərək Ukrayna macərasına başlayan Marlos 2014-cü ildə isə hazırkı klubu Donetsk “Şaxtyor”una transfer olunub. Braziliyalı cinah oyunçusu öz yığmasından dəvət almayınca 2017-ci ildə ukraynalıların təklifini qəbul edib. Marlos AVRO-2020-nin Niderlandla (2:3) ilk oyununda da 13-cü dəqiqədə meydana daxil olub.

Pepe (Portuqaliya)
Braziliyada anadan olan Pepe futbolçu həyatına Portuqaliyada başlayıb. Veteran müdafiəçi 2007-ci ildən Portuqaliya millisinin şərəfini qoruyur.

Jorjinyo (İtaliya)
Braziliyanın İmbituba şəhərində doğulan Jorjinyo isə karyerasına İtaliyada başlayıb. “Verona”da siftə edən yarımmüdafiəçi daha sonra “Napoli”də çıxış edib, hazırda isə “Çelsi”də oynayır. 2016-cı ildə ilk dəfə “Skuadra Adzurra”nın formasını geyinən Jorjinyo yığmanın aparıcı simalarındandır. Türkiyə ilə ilk tur matçında (3:0) da 90 dəqiqə meydanda olub.

Emerson Palmeyri (İtaliya)
Santosda anadan olan və şəhərin eyniadlı klubunun yetirməsi olan Emerson İtaliyada “Palermo” və “Roma” formasını geyinib. Daha sonra o da Jorjinyo kimi, “Çelsi”yə üz tutub. 2018-ci ildən şərəfini qoruduğu İtaliya millisi ilə qitə birinciliyinə qatılan müdafiəçi Türkiyə ilə açılış qarşılaşmasında ehtiyatda qalıb.

Rafael Toloy (İtaliya)
İtaliya millisinin daha bir braziliyalısı. 2014-cü ildə icarə əsasında “Roma”ya keçən Toloy bir il sonra “Atalanta”ya transfer olunub. Həmin dönəmdən “Atalanta” formasını geyinən 31 yaşlı mərkəz müdafiəçisi Berqamo təmsilçisinin kapitanlığına qədər yüksəlib. AVRO-2020-yə aparılsa da, Türkiyə ilə görüşdə “23-lüy”ə düşməyib.