12:40 15-06-2021
news_image
240
AVRO-2020

Hokkey hesabından 24 il sonra Bakıda – AVRO-2020

AVRO-2020-də mübarizə aparan Türkiyə yığması qrup mərhələsində ikinci oyununu Bakıda keçirəcək.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisinin Uelslə qarşılaşması iki rəqib arasında 7-ci matç olacaq.

Sabahkı görüşə qədər 6 dəfə üz-üzə gələn rəqiblər indiyədək final mərhələlərində görüşməyib. İlk dəfə həlledici raundda qarşılaşacaq komandalar neytral meydanda birinci dəfə münasibətlərini ayırd edəcək.

Maraqlıdır ki, Türkiyə ilə Uels heç vaxt yoldaşlıq oyununda da qüvvəsini sınamayıb. 6 qarşılaşmanın hamısı seçmə xarakter daşıyıb.

AVRO-1980-ın seçmə mərhələsi ilk belə duellərlə əlamətdar olub. Həm İzmirdə, həm də Rekshemdə meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Cəmi iki il sonra komandaların yolları yenə kəsişib. DÇ-1982-dəki seçmə oyunları Uelsin iki qələbəsi ilə bitib – 1:0, 4:0.

DÇ-1998-in seçmə mərhələsindəki qarşılaşmalar iki rəqib arasında son oyunlardır. Bu dəfə “ay-ulduzlular” üstün olub. Kardiffdə qolsuz heç-heçəyə nail olan qardaş ölkə təmsilçisi İstanbulda hokkey hesabı ilə qələbə qazanıb – 6:4. Bu matç Hakan Şükürün pokeri ilə də əlamətdar olub. Həmin qarşılaşma iki rəqibin son duelidir.

Sonuncu dəfə 24 il öncə qarşılaşan komandaların qarşılaşmalarında Uels 3, Türkiyə 2 qələbə qazanıbsa, bir dəfə heç-heçə olub. Top fərqi də böyük britaniyalıların xeyrinədir – 10-7.

Qeyd edək ki, sabahkı Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.