17:15 15-06-2021
news_image
320
AVRO-2020

Ronaldonu gözləyən 7 rekord – AVRO-2020

AVRO-2020-nin “ölüm qrupu”nda mübarizə bu gün start götürür.

Apasport.az saytının məlumatına görə, son Avropa çempionu Portuqaliya turnirdə Macarıstana qarşı oyunla “siftə” edəcək.

Son illər ulduz futbolçu sarıdan korluq çəkməyən portuqaliyalıların əsas silahı yenə Kriştiano Ronaldo olacaq. 36 yaşlı forvard məhz AVRO-2020-də 7 rekord qıra bilər. Ronaldonu gözləyən həmin rekordlar hansılardır?

1. Ən çox Avropa çempionatında oynama rekordu – Portuqaliya millisinin üzvü ilk dəfə 2004-cü ildə böyük turnirdə iştirak edib. AVRO-2020 onun 5-ci Avropa çempionatı olacaq. Bu rekord əfsanəvi ispaniyalı qapıçı İker Kasilyasa məxsusdur. O, 2000-ci ildən etibarən 5 qitə birinciliyinə qatılıb. Ancaq AVRO-2000 və AVRO-2016-da forma şansı qazanmayıb. Ronaldo bu gün meydana çıxacağı təqdirdə 5 fərqli Avropa çempionatında çıxış edən ilk oyunçu kimi tarixə düşəcək.

2. Ən çox qələbə rekordu – Bu rekorda hazırda 3 futbolçu şərikdir. AVRO-2020-də bir qalibiyyət CR7-ni rekordun tək sahibi edəcək. Hazırda həm onun, həm də AVRO-2008 və AVRO-2012-də çempion olan İspaniyanın heyətində yer alan Sesk Fabreqasla Andres İnyestanın aktivində 11 qələbə var.

3. Ən çox finalda oynama rekordu – Sabiq futbolçu Rayner Binhof 1972, 1976 və 1980-ci illərdə finala qədər yüksələn Qərbi Almaniyanın heyətində olub. Ancaq Binhof həmin finalların yalnız birində forma şansı əldə edib. İndiyə qədər 22 fərqli futbolçu 2 fərqli Avropa çempionatının həlledici qarşılaşmasında meydana çıxıb. Ronaldo AVRO-2004 və AVRO-2016-da bunu bacarıb. Bu il də Portuqaliya finala qədər irəliləsə və 36 yaşlı forvard son görüşdə meydana çıxsa, rekordu ələ keçirəcək.

4. Turnir tarixinin ən qolçu futbolçusu rekordu – Superulduz 4 fərqli Avropa çempionatında aktivinə 9 qol yazdırıb. Hazırda rekordu əfsanəvi fransalı Mişel Platini ilə bölüşür. Ronaldo daha bir dəfə fərqlənərsə, bu rekordu da qıracaq. Təbii ki, Fransa yığmasının hücumçusu Antuan Qrizmannın aktivində 6 qol olduğunu da unutmaq olmaz.

5. Ən çox oyunda azı 2 qol vurma rekordu – Portuqaliyalı bu rekorda da şərikdir. Hazırda 7 futbolçu 2 matçda minimum 2 qol vurmağa müvəffəq olub. Bunlar Ronaldo ilə yanaşı, Herd Müller, Rudi Föller, Mişel Platini, Ueyn Runi, Antuan Qrizmann və Romelu Lukakudur.

6. Ən çox turniri azı 2 qolla tamamlama rekordu – 36 yaşlı forvard bu rekordda şəriki digər veteran futbolçu Zlatan İbrahimoviçdir. İsveçli 2004, 2008 və 2012-ci illərdəki turniri 2 qolla başa vurub. Ronaldo isə 2004, 2012 və 2016-cı illərdə 2 qol səddini keçib. AVRO-2020-də də 2 dəfə fərqlənərsə, rekorda yiyələnəcək.

7. Finalda qol vuran ən yaşlı futbolçu rekordu – Portuqaliya turnirin aşkar favoriti deyil. Amma unutmayaq ki, AVRO-2016-da da onlar favorit sayılmırdı. Finala yüksəlsələr, əlbəttə ki, ən böyük silahları Ronaldo olacaq. CR7 həlledici qarşılaşmada da fərqlənsə, Avropa çempionatları tarixində finalda qol vuran ən yaşlı oyunçu olacaq. Bu baxımdan rekord AVRO-1976-nın finalında Çexoslovakiyanı 30 yaş 103 günlüyündə məyus edən Qərbi Almaniya futbolçusu Bernd Hölzenbeynə məxsusdur.