15:51 15-06-2021
news_image
192
FUTBOL

“Bunu panikaya düşmək üçün demirəm” - Samir Abasov

“Rəqibimiz bir az əvvəl müəyyənləşib. İndi rəqib haqda fikir bildirmək çətindir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib. 

“Ağ-qaralar”ın çalışdırıcısı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna rəqib olmalarına münasibət bildirib. Abasov klubun rəsmi saytına açıqlamasında deyib ki, artıq bu gündən rəqibi təhlil etməyə, araşdırmağa başlayacaqlar: “Dinamo”nun əsas üstünlüyü Gürcüstan çempionatının hazırda davam etməsidir. Komanda formadadır, iki gün əvvəl “Samtredia”ya səfərdə 2:0 hesabı ilə qalib gəlib. Digər tərəfdən “Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadzeni yaxşı tanıyırıq. Bakı “İnter”ində onun rəhbərliyi altında oynamışam, nəyə qadir olduğunu bilirəm. Düzdür, müəyyən problemlərimiz var. Məsələn, viza problemi ilə əlaqədar bəzi futbolçularımız hazırlığa qoşula bilməyiblər, millidən qayıdanlara isə yorğun olduqları üçün istirahət verilmişdi. Bunu panikaya düşmək üçün demirəm, tam ciddiyyəti ilə oyuna hazırlaşacağıq. Təbii ki, üstünlüklərimiz də var. Açığı, püşkdən əvvəl soruşsaydınız, rəqiblər arasında fərq qoya bilməzdim. Kimliyindən asılı olmayaraq, rəqibi eyni cür təhlil edib, hazırlaşacaqdıq. Öz prizmamızdan baxsaq, Çempionlar Liqasında böyük təcrübəsi olan komanda deyilik, uzun illərdir bu turnirdən uzaq qalmışıq. Bu bizim üçün bir sınaq olacaq və inanıram ki, bu sınaqdan üzüağ çıxacağıq. Əlbəttə, mərhələni adlamaq şansımız var. İnşallah, xalqımızın, azarkeşlərimizin dəstəyilə mərhələni adlayacağıq”.

Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək.