16:08 15-06-2021
news_image
274
FUTBOL

“Püşkdə “Neftçi”nin bəxti gətirdi” – “Dinamo”ya qol vuran futbolçu

“Dinamo” həmişə yaxşı komanda olub. Amma bizimlə oynadığı vaxtlar indikindən güclü idi”.

Bunu apasport.az saytına “Qəbələ”nin vitse-kapitanı Asif Məmmədov “Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna rəqib olmasını dəyərləndirərkən deyib.

“Qəbələ”nin heyətində 2015/16 mövsümündə Avropa Liqasının I, 2019/20 mövsümündə isə II təsnifat mərhələsində “Dinamo”ya qarşı çıxış etmiş yarımmüdafiəçi püşkün “Neftçi”nin üzünə güldüyünü düşünür: “Fikrimcə, “Neftçi”yə ən uyğun, “dişinə” görə rəqib düşdü. Məncə, püşkdə “Neftçi”nin bəxti gətirdi. Çünki daha çətin komandalar düşə bilərdi. Ümid edirəm ki, “Neftçi” bu turnirdə uğurlu çıxışı ilə bizi sevindirər”.

35 yaşlı oyunçu ikinci dəfə üz-üzə gəldikləri “Dinamo”nun əvvəlkindən də yaxşı olduğu qənaətindədir: “Bizimlə qarşılaşdıqları mövsüm “Dinamo”nun futbolçuları güclü komandalara keçdilər. Hətta deyərdim ki, 2019/20 mövsümündə üz-üzə gəldiyimiz Tbilisi təmsilçisinin heyəti 2015/16 mövsümündəkindən güclü idi. Gürcüstanın ən yaxşı klubudur, istedadlı oyunçular yetişdirir”.

Məmmədov “Neftçi”ni rəqibin baş məşqçisi Kaxaber Sxadadzeyə qarşı diqqətli olmağa çağırıb: “Demirəm ki, “Neftçi” asanlıqla mərhələ keçəcək. Çünki onların çox ağıllı baş məşqçiləri var. Kaxaber Sxadadze ilə 6-7 il bir yerdə işləmişəm. Onun gücünə bələdəm, yoxdan var eləməyə qadirdir. Bu baxımdan “Neftçi” çox diqqətli olmalıdır. Azərbaycan futboluna yaxşı bələd mütəxəssisdir. Düzgün təhlillə hər an oyunun gedişatına müdaxilə etməyi bacarır, istənilən rəqibə başağrısı ola bilir”.

2015/16 mövsümündə Gürcüstanda 1:2 hesabı ilə uduzan “Qəbələ” cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Qəbələdəki görüşdə “qırmızı-qaralar”ın ilk qoluna 88-ci dəqiqədə məhz Asif Məmmədov imza atıb. 2019/20 mövsümündə isə “Dinamo” hər iki qarşılaşmada “Qəbələ”ni üstələyib – 2:0, 3:0. Asif Məmmədov tbilisililərə qarşı 3 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, iyulun 6-da və ya 7-də Tbilisidə “Dinamo”nun qonağı olacaq “Neftçi” bir həftə sonra rəqibini Bakıda qəbul edəcək.