16:48 15-06-2021
news_image
265
FUTBOL

84 ildə 59 oyun – “Neftçi”&“Dinamo”

Çempionlar Liqasının I təsnifat mərhələsində rəqib olan “Neftçi” və Tbilisi “Dinamo”su indiyədək 59 dəfə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, Tbilisidə keçiriləcək qarşılaşma 60-cı olacaq.

Rəqiblər ilk dəfə 1937-ci ildə üz-üzə gəlib. İyunun 6-da SSRİ kubokunda yolları kəsişən komandalar 1/16 finalda qarşılaşıb. Tbilisidəki görüşdə meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.

Ümumilikdə, “Neftçi” və “Dinamo” 52 dəfə SSRİ çempionatı, 2 dəfə SSRİ kuboku, 5 dəfə SSRİ Futbol Federasiyasının kubokunda qarşılaşıb.

Çempionatda 11 qələbəsi olan Bakı klubu 16 heç-heçə edib və 25 dəfə uduzub. Top fərqi də gürcüstanlıların xeyrinədir – 48-75.

Kubokda hər komanda bir qələbə qazanıb. 1937-ci ildə 1/16 finalda uduzan “Neftçi” 30 il sonra rəqibini 1/8 finalda üstələyib – 2:1.

Federasiya kubokundakı matçlar 1986-88-ci illərə təsadüf edib. 3 qələbə qazanıb, 1 heç-heçə edən “Neftçi” yalnız bir dəfə uduzub. Lakin top fərqi “Dinamo”nun tərəfindədir – 7-6.

İlk dəfə 84 il öncə - 1937-ci ildə qarşılaşan komandaların son dueli 1988-ci ildə baş tutub. Avqustun 24-də “Dinamo” öz meydanındakı çempionat matçında 2 cavabsız qola sevinib.

Ümumilikdə isə 59 matçda 15 dəfə “Neftçi”, 27 dəfə “Dinamo” qələbə qazanıb, 17 heç-heçə qeydə alınıb. 56 qol vuran təmsilçimiz 86 top buraxıb.

“Neftçi”nin son qələbələri də 1988-ci ilə təsadüf edib. Çempionatda 1:0, Federasiya kubokunda isə 3:2 hesabı qeydə alınıb. “Neftçi”nin “Dinamo”ya son qolunu da mayın 29-da Vladislav Lemiş vurub. Tbilisidəki oyunda qələbədə onunla yanaşı, Vidadi Rzayev və Nazim Əliyevin də qolla payı olub.

Qeyd edək ki, müstəqillik illərində “Neftçi” və “Dinamo” avrokuboklar və “Birlik kuboku”nda görüşməyib.