00:00 16-06-2021
news_image
191
FUTBOL

“Neftçi”nin qırdığı sindrom və ya uduzmadığı gürcülər

Azərbaycan və Gürcüstan klubları avrokuboklarda 9-cu dəfə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək “Neftçi” və “Dinamo” arasında duellərə qədər iki ölkə təmsilçilərinin yolları 8 dəfə kəsişib.

İlk belə qarşılaşma 2004-cü ilə təsadüf edib. “Şəmkir” “Tbilisi”yə hər iki matçda uduzub. Sonrakı dueldə isə “Sioni” “Bakı”nı mübarizədən kənarlaşdırıb. Həmin vaxt Gürcüstan klubunu çalışdıran Kaxaber Sxadadze bu dəfə “Dinamo”ya rəhbərlik edir.

Sonrakı illərdə Azərbaycan klubları Gürcüstan təmsilçiləri ilə duellərdə dominantlıq edib. 

Qonşu ölkə sindromunu isə məhz “Neftçi” qırıb. “Ağ-qaralar” öncə “Zestafoni”, ardınca “Çixura”nı keçib. Maraqlıdır ki, Azərbaycan – Gürcüstan duellərindəki hər iki heç-heçə də bakılıların hesabınadır. Hər iki rəqibi bir qələbə və bir heç-heçə ilə üstələyən “Neftçi” uduzmayıb. 

Sonra növbə “Qəbələ”yə çatıb. Təmsilçimiz iki dəfə Gürcüstan klubunu mübarizədən kənarlaşdırıb. İlk “qurban” məhz indiki “Dinamo” olubsa, sonra “Samtredia” da eyni aqibəti yaşayıb.

Sonuncular “Qarabağ”a da rəqib olub və çempionumuz çətinlik çəkmədən iki qələbə qazanıb. Təmsilçilərimizin uğurlu seriyaları “Qəbələ” və “Dinamo”nun ikinci duelində qırılıb. Rəqib hər iki matçda qalib gəlib.

Ümumilikdə 5 dəfə təmsilçilərimiz, 3 dəfə rəqibləri mərhələ adlayan tərəf olub. Qələbə sayında tarazlıq hökm sürür: hərəyə 7 dəfə. 2 dəfə heç-heçə edən Azərbaycan və Gürcüstan klublarının matçlarında 46 qol vurulub. Top fərqi klublarımızın xeyrinədir – 25-21.

Həm “Neftçi”, həm “Dinamo” 2 duelin iştirakçısı olub. Hər iki dueldə tur adlayan təmsilçimizdən fərqli rəqib bir dəfə büdrəyib. Bakılıların 2 qələbə və 2 heç-heçəsi varsa, tbilisililərin 3 qələbə və 1 məğlubiyyət alıb.

2004/05 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi

Tbilisi (Gürcüstan) – Şəmkir - 1:0, 4:1
2006/07 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi

Sioni (Gürcüstan) – Bakı - 2:0, 0:1
2012/13 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi

Neftçi – Zestafoni (Gürcüstan) - 3:0, 2:2
2014/15 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi

Neftçi – Çixura (Gürcüstan) - 0:0, 3:2
2015/16 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

Dinamo (Tiflis, Gürcüstan) – Qəbələ - 2:1, 0:2
2016/17 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi

Qəbələ - Samtredia (Gürcüstan) - 5:1, 1:2
2017/18 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi

Qarabağ – Samtredia (Gürcüstan) - 5:0, 1:0
2019/20 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi

Qəbələ - Dinamo (Tbilisi, Gürcüstan) - 0:2, 0:3