13:45 16-06-2021
news_image
292
FUTBOL

“Neftçi” “Dinamo”nu keçəcək” – Yunis Hüseynov

“Çempionlar Liqasında zəif komanda olmur. Çünki iştirakçılar öz ölkəsinin çempionudur”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Yunis Hüseynov Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin Tbilisi “Dinamo”suna rəqib olmasına münasibət bildirərkən deyib.

Keçmiş SSRİ çempionatında “Neftçi”nin heyətində “Dinamo”ya vurulan sonuncu qolun müəllifi olan Hüseynov Tbilisi təmsilçisinin həmin dönəmlə müqayisəsini doğru hesab etmir: “SSRİ dönəmindəki “Dinamo” ilə indiki arasında böyük fərq var. Gürcüstan təmsilçisi yaxın keçmişdə “Qəbələ”yə iki dəfə rəqib olduğundan, onları tanıyırıq. Baş məşqçiləri Kaxaber Sxadadze həm “Neftçi”ni, həm də Azərbaycan futbolunu yaxşı tanıyır. Buna baxmayaraq, “Neftçi” cütün favoritidir və məncə, “Dinamo”nu keçəcək”.

“Neftçi”nin sabiq futbolçusu II təsnifat mərhələsindəki potensial rəqibləri də dəyərləndirib: “Olimpiakos” və “Srvena Zvezda” arzuolunmaz rəqibdir. Çünki onlar hazırda səviyyə baxımından “Neftçi”dən daha üstündür. “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi düşsə, daha yaxşı olar. Ümid edirəm ki, “Neftçi”nin püşkdə yenə şansı gətirəcək, məhz bu cütlük potensial rəqib olacaq. Elə I təsnifat mərhələsində də təkcə “Dinamo” ilə “Şerif” münasibət rəqib sayılırdı. Ardıcıl onlarla oynasa, “Neftçi” üçün ciddi üstünlük olar”.

Yunis Hüseynov “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri barədə də fikir bildirib. Onun sözlərinə görə, “Qarabağ” bu raundda böyük problem yaşamaz: “Qarabağ” səpələnmişlərdə olduğu üçün zəif komanda ilə qarşılaşacaq. Üstəlik, ağdamlıların böyük avrokubok təcrübəsi var. Amma “Keşlə” ilə “Sumqayıt”ın potensial rəqiblərinin hamısı arzuolunmaz komandalardır”.

Qeyd edək ki, bu gün həm Çempionlar Liqasının, həm də Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.