09:19 17-06-2021
news_image
139
FUTBOL

Transferi açıqladı – Ronald Kuman

“Barselona” “Lion”dan ayrılan hücumçu Memfis Depayın keçidini həll edib.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun baş məşqçisi Ronald Kuman açıqlayıb.

Niderlandlı mütəxəssis həmyerlisi ilə hərtərəfli anlaşdıqlarını təsdiqləyib: “Artıq hər şey bitib. Hələ müqavilə imzalanmayıb, amma razılıq, demək olar ki, əldə edilib. Memfisi yanvarda heyətə qatmaq istəyirdim, ancaq alınmadı. İndi baş tutsa, əla olar. Birlikdə nələri bacaracağımızı bilirik”.

Ötən mövsüm “Lion”un heyətində 40 oyunda 22 qol, 12 assistlə yadda qalan və hazırda Niderland millisinin heyətində AVRO-2020-də çıxış edən 27 yaşlı forvardın “Barselona” ilə 3 illik müqavilə imzalaması gözlənilir.