12:27 17-06-2021
news_image
656
FUTBOL

Arif Əsədov: “Neftçi” və “Qarabağ”ın qrupa düşmək şansı çoxdur” - MÜSAHİBƏ

Azərbaycan millisinin məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna rəqib oldu. Azərbaycan çempionu püşkatmada səpələnməmişlərdə yer alsa da, bu cütlükdə favorit göstərilir. Siz “Neftçi”nin şansını necə görürsünüz?
- “Dinamo” həm oynadığı futbol, həm də ölkə olaraq bizə tanış rəqibdir. Üstəlik, nəzərə alaq ki, baş məşqçiləri Kaxaber Sxadadzedir. Həm onlar bizi yaxşı tanıyır, həm də “Neftçi” onları. Mən “Neftçi”nin daha şansı olduğunu düşünürəm. Bizim komandamız legionerlərin sayı və heyət baxımından rəqibi üstələyir. Gürcüstan klubları əsasən öz yetirmələrinə üstünlük verir, daha çox oturuşmuş heyətə güvənirlər. Onlar avrokuboklarda özlərini göstərib, Avropa klublarına oyunçu satmaq barədə düşünürlər. Aparıcı oyunçuları ölkədə qalmır. “Dinamo”nun əsas gücü Kaxaber Sxadadzedir. Çünki o, taktiki gedişlərə çox üstünlük verən mütəxəssisdir. Bu mənada çətinlik yarana bilər. Amma istənilən halda “Neftçi”ni favorit hesab edirəm.

- “Neftçi” bu mərhələni adlasa, növbəti raundda “Olimpiakos”la qarşılaşacaq. Yunanıstan klubunu keçmək nə dərəcədə real görünür?
- İlk növbədə “Dinamo” ilə oyunu düşünmək lazımdır. “Neftçi” əvvəlcə bu mərhələni keçsin, ondan sonra nəsə demək olar. Təbii ki, “Olimpiakos” “Dinamo”dan güclüdür. Onlar Yunanıstanın top-komandalarındandır. Mərhələ adladıqca rəqib də güclənir. Gəlin, hadisələri qabaqlamayaq. “Neftçi”yə “Dinamo” önündə uğurlar arzulayaq.

- Konfrans Liqasındakı təmsilçilərimizin də rəqibləri artıq məlumdur. “Qarabağ” II təsnifat mərhələsində “Aşdod”la qarşılaşacaq. Razısınız ki, Ağdam klubu favorit olsa da, İsrail komandaları bizim üçün arzuolunmazdır?
- Tamamilə razıyam. “Qarabağ” özü də ötən mövsüm bu problemlə üzləşdi, “Makkabi” önündə çətinlik yaşadı. “Aşdod”u heç də asan rəqib kimi qiymətləndirmək olmaz. “Qarabağ”ın reytinqi yüksəkdir, yəqin ki, “Aşdod” da bizdən çəkinir. Məncə, israillilər “Qarabağ”ın dişinə görədir. İlk oyunlar həmişə çətinlik yaradır. Çünki həmin vaxta qədər komandanı formalaşdırmaq lazım gəlir. “Qarabağ”da da gedənlər, yeni gələnlər olacaq. Amma yenə də “Qarabağ”ın şansını üstün görürəm.

- “Keşlə”nin Rusiya klubu “Soçi” önündə şansı nə qədərdir?
- Rusiya futbolu inkişafdadır. Həm milliləri, həm də klubları yüksəlişdədir. Bizə yaxın ölkə olduğundan, çempionatlarını izləyirik, necə gərgin mübarizə getdiyini görürük. Ən əsası, onların tribunaları tamamilə dolu olur. Bu nüansları nəzərə alsaq, “Keşlə” üçün çətin olacaq. Doğrudur, “Soçi” favoritdir, futbolda istənilən nəticə qazanmaq mümkündür. Bizə qalır “Keşlə”yə uğurlar arzulamaq. İstədikləri transferləri tez reallaşdırsınlar ki, komanda həmin vaxta qədər formalaşsın və rəqibə kollektiv oyunla müqavimət göstərə bilsinlər.

- O ki qaldı “Sumqayıt”a, demək olarmı ki, potensial rəqiblər arasında ən münasibi məhz Serbiya klubu “Çukariçki” idi?
- Düz qeyd elədiniz, digər mümkün rəqibləri nəzərə alsaq, “Çukariçki” arzulanan idi. Serbiyada da istər milli, istərsə də klub səviyyəsində Gürcüstana oxşar strategiyadır. Milliləri güclü olsa da, klubları oyunçularını yetişdirməyə və Avropaya satmağa diqqət yetirirlər. Serbiyanın istənilən komandası avrokuboklarda əlindən gələni edir ki, futbolçularına Avropa yolu açılsın. “Sumqayıt” da heyətini qorumağa çalışır. Baş məşqçiləri tərəfindən konkret oturuşmuş sistem qurulub. Rəqiblə başabaş mübarizə aparmaq üçün bu amillər “Sumqayıt”a kömək ola bilər. Bu cütlükdə şansları 50/50-yə görürəm.

- “Neftçi” məğlub olsa belə, Konfrans Liqasında mübarizəni davam etdirmək imkanına malik olacaq. Bu baxımdan iki klubumuzun qrupa qədər irəliləyəcəyini proqnozlaşdırmaq olar?
- İstəyimiz bütün klubların qrupa düşməsi yönündədir. Amma reallıq odur ki, “Neftçi” və “Qarabağ”ın qrupa düşmək şansı çoxdur. Heç olmasa onların uğurlu çıxışla qrupa qədər irəliləməsi ölkə reytinqi üçün də böyük qazanc olar.

Ruslan Sadıqov