13:40 17-06-2021
news_image
326
FUTBOL

“Neftçi”ni ilk cütdə favorit saymır, “Qarabağ”a inanır – Vaqif Cavadov

“Neftçi”nin “Dinamo” önündə favorit olduğunu düşünmürəm. Çünki orada Kaxaber Sxadadze amili var”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Vaqif Cavadov “Neftçi”nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Milli komandamızın sabiq hücumçusunun fikrincə, Tbilisi “Dinamo”sunun Azərbaycan çempionu önündə ən böyük üstünlüyü Kaxaber Sxadadzeyə sahib olmasıdır: “Sxadadzenin “Dinamo”nun baş məşqçisi olması “Neftçi”nin işinin necə çətin olacağını demək üçün kifayət edir. Hər iki komandanın transferlərinin, hazırlıq prosesinin də rolu olacaq. Əminəm ki, Kaxa “Neftçi”nin matçlarını izləyib, yaxşı tanıyır. Amma inanmıram ki, bizimkilərdən kimsə “Dinamo”nun oyununa baxsın. Məncə, “Neftçi” bütün mövqeləri gücləndirməlidir. Üstəlik, elə futbolçular gətirmək lazımdır ki, 1-2 oyunluq olmasın, gələcəkdə də komandaya köməyi dəysin. Kimisə “mərhələ keçməsəm, mənə lazım olmayacaq” düşüncəsi ilə gətirmək olmaz”.

Gənc mütəxəssis II raunddakı potensial rəqib “Olimpiakos”un da məğlubedilməz komanda olmadığını söyləyib: “İndidən heç kim “Olimpiakos”u düşünmür. Amma “Dinamo” səddi keçilərsə və aparıcı futbolçular öz formalarını yığsa, “Olimpiakos”u da məğlub etmək olar. Çempionlar Liqasında uğur qazanmağı qarşına məqsəd qoymusansa, bu cür rəqiblərə qalib gəlmək lazımdır. “Qarabağ” illərdir avrokuboklarda öz sözünü deyir. İnanıram ki, “Neftçi” bu mövsüm estafeti götürüb, ən azı eyni nəticəni təkrarlaya biləcək”.

Vaqif Cavadov Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını da dəyərləndirib. “Qarabağ”ın “Aşdod” (İsrail) önündə favorit olduğunu söyləyən Ağdam klubunun sabiq oyunçusu “Sumqayıt”ın “Çukariçki” (Serbiya), “Keşlə”nin isə “Soçi” (Rusiya) ilə matçlarda çətinlik yaşayacağını vurğulayıb: “Məncə, “Qarabağ” avrokuboklardakı statusunu qoruyacaq. Demirəm ki, “Aşdod” zəifdir. Ancaq “Qarabağ” böyük təcrübəyə malikdir, mərhələni adlayar. Ancaq “Sumqayıt”la “Keşlə”yə çətin olacaq. Rəqiblər təkcə ada yox, oynadıqları çempionatın səviyyəsinə görə də favorit kimi göstərilirlər. “Soçi” güclü liqa sayılan Rusiya çempionatında 5-ci yeri tutub. “Çukariçki”nin iştirak etdiyi Serbiya liqası isə daim Avropanın diqqət mərkəzindədir”.

O, “hansı komandalarımız qrupa qədər irəliləyə bilər” sualını belə cavablandırıb: “Çox şey demək olar. Amma reallıqla barışmaq lazımdır. Komandaların ilk oyunlarından sonra real güclərini görə biləcəyik. Mən də daxil olmaqla, hamı Türkiyənin Uelsi məğlub edəcəyini deyirdi. Amma nəticə fərqli oldu. Futbolda proqnoz hər şey demək deyil. Əlbəttə, biz Çempionlar Liqasının qalibi olmaq istəyərik. Komandaların heyəti formalaşdırmasından, transferlərdən, hazırlıq prosesindən çox şey asılıdır”.