12:37 21-06-2021
news_image
122
FUTBOL

"Superliqa layihəsi davam edir" - “Barselona”nın prezidentindən iddialı açıqlama

“Dövlət klubları futbolçulara daha cəlbedici təkliflər edir və investisiya yatırır. Biz Superliqanı futbolu sevdiyimiz üçün yaratdıq. Çünki futbol çətin vəziyyətdədir”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta bir müddət əvvəl 12 klub tərəfindən yaradılan, lakin tezliklə fəaliyyəti dayandırılan Avropa Superliqası barədə danışarkən deyib.

Klub rəhbəri bu addımı atdıqları üçün UEFA-dan üzr istəmək fikrində olmadıqlarını söyləyib: “Layihə davam edir, bunda israr edirəm. UEFA ilə hələ də dialoqa çalışırıq. Mən prezident olduğum müddətdə öz taleyimizin ağası olmaq istədiyimiz və turnir təşkil etməyə çalışdığımız üçün UEFA-dan üzr istəməyəcəyik. Bu qurum bizi cərimələr və Çempionlar Liqasından qovmaqla hədələyib. Zaman haqlı olduğumuzu sübut etdi. İşi təxirə saldılar və gələn mövsüm Çempionlar Liqasında iştirak etməyimizə icazə verdilər”.

Laporta qitə futbol qurumunu Superliqanın bərpası üçün danışığa dəvət edib: “İngiltərə klubları Superliqanın arxasında dayanan qüvvə idi, lakin UEFA-nın təzyiqindən qorxdular. Düşünürəm ki, UEFA-nın necə geri çəkildiyini gördükdən sonra layihədən ayrıldıqlarına görə peşman oldular. Gənclər maraqlı oyunlara üstünlük verirlər, tamaşaçı azalır, bu üzdən pul da az olur. Bunun dünyanın ən cəlbedici rəqabəti olmasını istəyirik. Müzakirə aparmaq üçün UEFA-nı və Superliqanı görüşə dəvət edirik”.