13:01 21-06-2021
news_image
1797
FUTBOL

“Neftçi” xorvatiyalı qapıçını gözləyir – YALNIZ BİZDƏ

Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu qapı xəttini gücləndirmək üçün hərəkətə gəlib.

Səlahət Ağayevlə yollarını ayıran “ağ-qaralar” yaranan boşluğu əcnəbi qolkiperlə doldurmağı planlaşdırır. Rəhbərliyin diqqət mərkəzində olduğu qapıçı isə xorvatiyalı Zvonimir Mikuliçdir.

Bu ilin əvvəlində Moldova klubu “Şerif”dən Bolqarıstan təmsilçisi MOİK-ə keçən 31 yaşlı qolkiper orada da cəmi 6 ay qalıb. Sofiya klubunun heyətində ölkə çempionatında 10 matçda çərçivəni qoruyan və ümumilikdə 9 qol buraxan Mikuliçlə başa çatan müqavilə uzadılmayıb. 191 sm-lik boya malik qapıçı iyulun 1-dən azad agent statusuna malik olacaq.

Qolkiperin meneceri ilə danışıqlar davam edir. Mikuliç yeni klubunda təxminən 300 min avro qazanmaq istəyir. Azərbaycan çempionu isə bu məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, “Osiyek”in yetirməsi olan Zvonimir Mikuliç 2020/21 mövsümündə “Şerif” və MOİK-də ümumilikdə 30 oyunda meydana çıxıb, 19 qol buraxıb.