17:03 21-06-2021
news_image
457
STOLÜSTÜ OYUNLAR

Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyindən incikliyinə cavab – Şəhriyar Məmmədyarovun

“Teymur Rəcəbovun Dünya Kubokunu qazanmasını bir kənara qoysaq, Şəhriyar Məmmədyarovun “2021 Superbet Chess Classic”dəki çempionluğu Azərbaycan şahmat tarixinin ən böyük zəfəridir”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olması barədə danışarkən deyib.

Mahir Məmmədov iki şahmatçımızın böyük turnirlərdə uğurlar əldə etdiyini söyləyib: “Azərbaycan şahmatçıları bu səviyyədə olan superturniri heç vaxt belə gözəl üslubda və ikinci yerlə arasındakı ciddi fərqlə udmayıb. Teymur Rəcəbovun 1-2 belə qələbəsi olub, ancaq həmin vaxt ilk 2 pilləni bölüşüb. Rəcəbov adətən Qran-pri yarışlarında gözəl nəticələr əldə edir. Hətta bu turnirin iki və ya üç mərhələsinin qalibi olub. Şəhriyar da bu tip yarışlarda müəyyən uğurlar imza atıb. Amma onun son qələbəsinə qədər fərdi yarışlarda ən böyük nailiyyətimiz Teymur Rəcəbovun Dünya Kubokunu qazanması idi. Dünya Kuboku böyük zirvədir”.

Vitse-prezident Şəhriyar Məmmədyarovun turnirin qalibi olduqdan sonra sosial şəbəkədə ironiyalı “Ümid edirəm ki, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”, fikrinə də münasibət bildirib. O, 36 yaşlı qrossmeysteri təbrik etdiyini və onunla müntəzəm əlaqədə olduğunu vurğulayıb: “Şəhriyarın kimdən təbrik gözlədiyini bilmirəm. Ola bilsin, Gənclər və İdman Nazirliyi müəyyən təbriklə çıxış edə bilərdi. Bu, yerinə düşərdi. Ancaq mən öz növbəmdə Məmmədyarovu təbrik etdim. İl yarımlıq pandemiya dövründə də, ondan əvvəl də Şəhriyarla daim əlaqədə olmuşam. Hər həftə, hər ay zəngləşirik, söhbət edirik. Bu, sıradan uğur deyil. Bu səbəbdən media da bunu daha çox vurğulamalı, işıqlandırmalıdır”.

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev də şahmatçının incikliyinə münasibət bildirib. O, təbrik məktublarını hər ilin sonunda federasiyalara ünvanladıqlarını söyləyib: “Ən güclü qrossmeysterlərimizdən biri, həm də fəxrimiz olan Şəhriyar Məmmədyarovun uğurları ilə həmişə fəxr edirik və inanırıq ki, daim idman ictimaiyyətini sevindirməkdə davam edəcək. Nazirlik olaraq, hər ilin sonunda bütün idmançılarımızı təbrik edir, mükafatlandırır, onların qələbələri münasibətilə müvafiq federasiyalara təbrik ünvanlayırıq. Şəhriyarın “2021 Superbet Chess Classic” turnirindəki qələbəsi elə qalib gəldiyi gün nazirliyin rəsmi saytında yerləşdirilib və mətbu orqanımız olan “İdman” qəzetində işıqlandırılıb. Nazirliyin rəsmi facebook səhifəsində də paylaşım olub”.

AGİN rəsmisi əlavə edib ki, Məmmədyarovun Vətənə dönməsini gözləyirlər: “Şəhriyar hələ Azərbaycana qayıtmayıb, turnirin növbəti mərhələləri ilə əlaqədar hələ bir-iki ay ölkə xaricində olacaq. Turnirin son mərhələsi də ABŞ-da keçiriləcək. Nazirlikdə qalib idmançılarımızla görüşlər mütəmadi olaraq keçirilir. Ümid edirik ki, Şəhriyar turniri zəfərlə başa vurub Vətənə qayıdacaq və onunla da görüş olacaq”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic”də 9 turdan 6 xal toplamaqla ən yaxın izləyicilərini 1 xal qabaqlayıb.