12:15 22-06-2021
news_image
235
AVRO-2020

Niderlanddan rekord, Danimarkadan ilk, Rusiyadan antirekord – AVRO-2020

AVRO-2020-nin qrup mərhələsinin III turunun ikinci günü maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, baş tutan 4 görüş statistik baxımdan maraqlı faktlarla diqqət çəkib.

Həmin məqamları təqdim edirik: 

Niderland millisi Avropa çempionatları tarixinə düşüb. “Narıncılar” 3 dəfə qrup mərhələsini 3 qələbə ilə başa vuran ilk və yeganə komandadır. “Zambaqlar ölkəsi təmsilçisi 2000-ci və 2008-ci illərdə də qrupda 3 oyunun hamısında qalib gəlib.

Niderland yığması son 10 oyunun hər birində 2 və ya daha çox qol vurub. Bu, komandanın tarixində mütləq rekorddur. Bunadək ən uzun seriya 9-a bərabər idi. 1934-35-ci illərdəki seriya 86 ildən sonra arxada qaldı.

Danimarka millisi Avropa çempionatları tarixində ilk komandadır ki, qrupdakı ilk oyunu uduzandan sonra pley-offa yüksəlib.

Lukas Hradeçkinin avtoqolu ilə AVRO-2020-dəki belə uğursuzluqların sayı 6-ya çatıb. Bu, əvvəlki rekorddan ikiqat artıqdır. İndiyədək ən çox avtoqol AVRO-2012-də qeydə alınıb – 3 dəfə.

Rusiya yığması SSRİ-nin varisi sayılmaqla Avropa çempionatlarında 7-ci dəfə böyük hesabla uduzub. Bu, turnirin antirekordudur. Maraqlıdır ki, Rusiyanı 4:1 hesabı ilə məğlub edən Danimarka darmadağın sayında ikincidir. Onlar 5 dəfə böyükhesablı yenilgi alıb.

Danimarkalı Mikkel Damsqardın qolu İtaliya klublarının futbolçularının AVRO-2020-də 20-ci qolu olub. Bu, A seriyasının Avropa çempionatlarındakı ən yüksək göstəricisidir.

Belçika millisi AVRO-2020-nin seçmə və final mərhələsində ümumilikdə 13 oyunda 13 qələbə qazanıb. Daha bir komanda – İtaliya da eyni göstəriciyə malikdir.