14:40 22-06-2021
news_image
170
FUTBOL

"Burada gördüklərim məni heyrətləndirib" - "Qarabağ"ın yeni transferi

“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar”. 

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski deyib.

Klubun rəsmi saytına açıqlama verən braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən danışıb: “Böyük ailəyə gəldiyimi hiss edirəm. 1 həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır”.

Cənubi amerikalı ölkəmiz və Bakı barədə fikirlərini də bildirib: “Hazırda əsas fikrimi məşqlərə yönəltmişəm və Bakı şəhərini gəzməyə fürsətim olmayıb. Ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Burada gördüklərim məni heyrətləndirib. Hündürmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq”.

Malinovski yeni mövsümlə bağlı iddialarını gizlətməyib: “Qarabağ”a titullar qazanmaq üçün gəlmişəm. Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacağam. Ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəyəm”.