09:41 23-06-2021
news_image
204
AVRO-2020

“Real” “Yuventus”a çatdı, Ronaldo bu gün rekord vuracaq – AVRO-2020-də

AVRO-2020-nin 12-ci günü arxada qalıb.

Apasport.az saytının məlumatlına görə, qrup mərhələsinin III turunun daha 4 matçının keçirildiyi gün bəzi maraqlı məqamlarla əlamətdar olub.

Şotlandiya ilə oyun (3:1) Xorvatiya millisinin futbolçusu Luka Modriçin Avropa çempionatlarında 50-ci matçı olub. O, seçmə mərhələlərdə 38, final mərhələlərində 12 dəfə meydana çıxıb. Yarımmüdafiəçi turnirin tarixində buna nail olan 5-ci futbolçudur. Canluci Buffon (İtaliya) və Kriştiano Ronaldo (Portuqaliya) 58, Mario Frik (Lixtenşteyn) 51, Petr Çex (Çexiya) 50 matçda şans qazanıb. Ronaldo bugünkü qarşılaşmada meydana çıxsa, mütləq rekordçu olacaq.

İngiltərə - Çexiya matçında (1:0) qapılara cəmi 12 zərbə vurulub. Bu, final mərhələlərinin antirekordudur.

Şotlandiya iştirak etdiyi dünya və Avropa çempionatlarının bütün final mərhələlərində qrupda qalıb. Bu rəqəmi 11-ə çatdıran britaniyalılar 8 dəfə (1954, 1958, 1974, 1978, 1982, 1986, 1990, 1998) dünya, 3 dəfə (1992, 1996, 2020) qitə çempionatında pley-offa çıxa bilməyiblər.

33 ildən sonra dünya çempionatının gümüş mükafatçısı Avropa çempionatında qrupdan çıxıb. Sonuncu belə komanda AVRO-1988-də AFR olub. Ondan sonrakı illərdə mundialın finalçısı növbəti qitə çempionatında uğursuzluqla üzləşib.

Luka Modriç Xorvatiya millisinin heyətində Avropa çempionatlarında qol vuran ən gənc və ən yaşlı oyunçudur. O, 22 yaş 273 günlüyündə AVRO-2008-də Avstriyaya, 35 yaş 286 günlüyündə AVRO-2020-də Şotlandiyaya qol vurub.

Luka Modriçin qolu “Real”ın futbolçularının Avropa çempionatlarının final mərhələlərində 32-ci qolu olub. İspaniya klubu bununla da “Yuventus”a çatıb. “Bavariya” 31, “Barselona” 25, “Liverpul” 24, “Arsenal” 20 dəfə oyunçusunun qitə çempionatındakı qoluna şahidlik edib.