13:24 24-06-2021
news_image
173
AVRO-2020

Qrup mərhələsinin son günündən faktlar – AVRO-2020-də

AVRO-2020-nin qrup mərhələsinin son günü bəzi statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, E və F qruplarının son görüşlərində rekord və antirekordlar diqqət çəkir.

İsveç – Polşa (3:2), Slovakiya – İspaniya (0:5), Almaniya – Macarıstan (2:2), Portuqaliya – Fransa (2:2) görüşlərindəki faktları təqdim edirik:
 

Kriştiano Ronaldo Avropa çempionatlarının ardıcıl 9 oyununda qol vurub. Seçmə mərhələnin son 6 matçı və final mərhələsinin qrupdakı görüşlərini qolsuz tərk etməyən portuqaliyalı yarışın tarixinə düşüb. O, 8 matçda qol vuran ingiltərəli Harri Keyni keçib.

Ronaldo bir Avropa çempionatında vurulan qol sayında da rekord qırıb. O, AVRO-2020-nin seçmə mərhələsində 11, final mərhələsində 5 dəfə fərqlənib. Ümumilikdə 16 dəfə sevinən forvard xorvatiyalı Davor Şukerin AVRO-1996-dakı 15 qolluq rekordunu arxada qoyub.

Kriştiano Avropa çempionatlarının final mərhələlərindəki qol sayında öz rekordunu yeniləyib. Artıq onun hesabında 14 top var.

Avropa çempionatlarının final mərhələsində 14 topdan 7-ni sağ ayaqla vuran Ronaldo rekord vurub. İsveçli Zlatan İbrahimoviç bu yolla 6 dəfə fərqlənib.

Ronaldo Avropa çempionatının qrup mərhələsində 5 qol vurub. Yalnız Mişel Platini AVRO-1984-də daha çox – 7 dəfə fərqlənib.

Ronaldo Avropa çempionatının qrupunda hər üç oyunda qol vuran 5-ci futbolçudur. Fransalı Mişel Platini 1954, yuqoslaviyalı Savo Miloşeviç 2000, çexiyalı Milan Baroş 2004, uelsli Qaret Beyl 2016-cı ildə bunu bacarıb.

Ronaldo və Pepe cütlüyü Avropa çempionatlarının final mərhələlərində 17-ci dəfə çiyin-çiyinə meydanda olub. Onlar 16 matça birlikdə çıxan ispaniyalı Sesk Fabreqas və Andres İnyestanı arxada qoyub.
 

İspaniya Avropa çempionatlarının final mərhələləri tarixində ən böyükhesablı qələbəsini təkrarlayıb. Ümumilikdə isə 5-ci dəfə 5 top fərqi qeydə alınıb. 1984-cü ildə Fransa Belçikanı, Danimarka Yuqoslaviyanı, 2004-cü ildə İsveç Bolqarıstanı 5:0, 2000-ci ildə Niderland Yuqoslaviyanı 6:1 hesabı ilə yenib.

İspaniyalı Ferran Torres son 17 ildə Avropa çempionatlarının final mərhələlərində meydana sonradan daxil olub ən tez qol vuran futbolçudur. O, cəmi 44 saniyəyə fərqlənib. AVRO-2004-də onun həmyerlisi Xuan Karlos Valeron 39 saniyəyə qol sevinci yaşayıb.

Alvaro Moratanın penalti qaçırması ilə İspaniya millisi eyni final mərhələsində 2 belə uğursuzluq yaşayan ikinci komandadır. 2000-ci ildə Niderland iki penaltini boşa verib.

İspaniya qitə çempionatlarında 7-ci dəfə penaltini qola çevirə bilməyib. Ən çox uğursuzluq yaşayan ikinci komandanın 2 belə xətası var.
 


İsveçli Emil Forsberq turnirin tarixində 2-ci ən erkən qolu vurub. O, Polşa yığmasını 81-ci saniyədə cəzalandırıb. Forsberqi qabaqlayan Dmitri Kiriçenko (Rusiya) AVRO-2004-ün Yunanıstanla qarşılaşmasında 68 saniyəyə rəqib qapısına yol tapıb.
 

Robert Levandovski komandasının uduzduğu matçda dubl edən 4-cü futbolçu olub. O, İsveçlə qarşılaşmada (2:3) bunu bacarıb. 1960-cı ildə fransalı Xutte, 1984-cü ildə portuqaliyalı Jordau, 2012-ci ildə danimarkalı Niklas Bendtnerin dubl sevinci məğlubiyyət üzüntüsü ilə müşayiət olunub.
 


Slovakiya millisi İspaniya ilə görüşdə iki avtoqol edib və Portuqaliyanın Almaniya ilə matçdakı antirekordunu təkrarlayıb.

Marek Hamşik 2008-ci ildən bəri Avropa çempionatlarında Slovakiya millisinin seçmə və final mərhələlərindəki bütün qarşılaşmalarında iştirak edib. 43 oyunluq seriya turnirin mütləq rekordudur.
 

Avropa çempionatları tarixində ilk dəfə final mərhələsinin bir oyununda 3 penalti olub. Bu, Portuqaliya – Fransa matçına təsadüf edib. Hər üç zərbə qolla nəticələnib.

Fransa millisi Didye Deşamın rəhbərliyi altında qatıldığı bütün final mərhələlərində - DÇ-2014, AVRO-2016, DÇ-2018 və AVRO-2020-də qrup birincisi olub. “Üçrənglilər” bu müddətdə daim 1-ci yerlə mərhələ adlayan yeganə komandadır.

İyunun 23-də 4 matçda 18 qol vurub. Bu, qitə çempionatları tarixinin final mərhələlərinin mütləq rekordudur.

Qeyd edək ki, qrup mərhələsinin son günündə digər rekordlar da olub. Ronaldo həmçinin millidə vurulan qol sayında (109) iranlı Əli Daeinin rekordunu təkrarlayıb, dünya və qitə çempionatlarının final mərhələlərindəki qol sayında (21) almaniyalı Miroslav Klozeni iki top arxada qoyub, Avropa çempionatlarının seçmə və final mərhələlərində oyun sayında (59) Canluici Buffonu keçərək mütləq rekordçu olub. İndiyədək bir turnirdə maksimum 3 avtoqol olubsa, bu dəfə 8 belə hadisə yaşanıb. Slovakiyalı Martin Dubravka buna üzülən üçüncü qapıçıdır. Hərçənd əvvəlki turnirlərdə belə qolkiper olmayıb.