17:11 24-06-2021
news_image
257
AVRO-2020

Elxan Abdullayev: “İtaliyanı çempionluğa əsas namizəd hesab edirəm” - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi

- AVRO-2020-də qrup mərhələsinə artıq yekun vurulub. Sərgilənən oyunlar və qeydə alınan nəticələrdən hansılar sizi təəccübləndirdi?
- Gözlənilməz ciddi bir şey olmadı. Nisbətən Macarıstan yığmasının qrupdakı çıxışını qeyd etmək istərdim. Yəqin ki, çoxları onlardan belə yaxşı müqavimət gözləmirdi. Həm Portuqaliya, həm də Almaniya ilə matçların son dəqiqələrində qollar buraxdılar. Ancaq yenə də proqnozlaşdırıldığı kimi, qruplarında sonuncu yeri tutdular.

- Türkiyə və Rusiya milliləri qruplarında sonuncu yeri tutdular. Bu da sizin üçün təəccüblü olmadı?
- Açığı, Türkiyənin qrupda ilk iki pillədən birini tutacağına inanmırdım. Amma 3-cü yerlə çıxacaqlarını düşünürdüm. Çünki İtaliya və İsveçrə güclü komandalardır. Bu mənada türkiyəlilərin qrup sonuncusu olacağını gözləmirdim. Rusiya yığmasından isə heç nə gözləmirdim. Yaxın ölkələrdən Ukraynanın 1/8 finala vəsiqə qazanması sevindirici hal oldu.

- A qrupunun 3 oyunu (Uels – İsveçrə - 1:1, Türkiyə - Uels – 0:2, İsveçrə - Türkiyə - 3:1) Bakıda keçirildi. Sərgilənən oyunlar, azarkeş marağı və təşkilatçılıq baxımından nə deyə bilərsiz?
- Avropa çempionatının oyunlarına ev sahibliyi etmək bizim üçün böyük uğurdur. Azarkeşlərə də bayram ab-havası yaşatdı. Türkiyə yığmasının matçlarını Bakıda keçirməsi də sevindirici məqam oldu. Pandemiya dönəmindən sonra stadionun açılması, azarkeşlərin tribunalara buraxılması mənə görə böyük bayramdır.

- 1/4 final mərhələsinin də bir görüşü Bakıda olacaq. Uels – Danimarka və Niderland – Çexiya cütlərindən hansıların paytaxtımıza gəlməsini istərdiz?
- Mən Bakıda Niderland – Danimarka görüşünün olacağını düşünürəm. Həm bu komandaların 1/8 finaldakı cütlüklərinin favoriti hesab edirəm, həm də onların bura gəlməsini istəyirəm. Məncə, Niderlandla Danimarka gəlsə, stadiona daha çox azarkeş yollanar. Üstəlik, onların heç biri indiyə qədər Azərbaycana gəlməyiblər. Niderland da, Danimarka da futbol ölkəsidir. Açığı, Danimarkaya bu çempionatda azarkeşlik edirəm. Eriksenin başına gələn hadisəyə görə ilk oyunda sarsılsalar da, sonradan toparlandılar, yaxşı oyun göstərməyə başladılar.

- 1/8 finaldakı Belçika – Portuqaliya və İngiltərə - Almaniya oyunlarını erkən finallar adlandırmaq olar?
- 1/8 finaldan etibarən proqnoz vermək daha da çətinləşir. Bir oyundan ibarət mərhələdir, hər şey ola bilər. Məsələn, Almaniyanı öz qrupunun favoriti sayırdım. Amma dünən möcüzəli şəkildə heç-heçə edib, növbəti mərhələyə adladılar. İtaliya, Belçika kimi komandalar qrup səddini asan keçdilər. Amma İspaniyanın aqibəti son tur öncəsi sual altında idi.

- Qrup mərhələlərindən sonra favoritləriniz kimlərdir?
- İtaliya, Fransa və Belçikanı favorit sayıram. Amma onlardan birini seçmək lazımdırsa, İtaliyanı üstün tutardım. Ömür boyu İspaniyaya azarkeşlik etmişəm. Amma bu turnirdə zəif çıxış edirlər. İspanların çempionluğuna inanmıram. Amma İtaliya həm yaxşı oyun sərgiləyir, həm də qol buraxmır. Bu üzdən İtaliyanı çempionluğa əsas namizəd hesab edirəm.

Ruslan Sadıqov