22:17 25-06-2021
news_image
403
FUTBOL

“Mahir Emreli sırf futbolu düşünsə, daha yaxşısını edə bilər” - Qurban Qurbanov

“Mahir Emreli kimi futbolçularımızın ölkə xaricində yaxşı iştirak etməsi futbolumuza, digər oyunçularımıza böyük təkan olar. Mahirə xeyir-dua verdik”.

Apasport.az saytının məlumatına görə, bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hücumçuları Mahir Emrelinin Polşa klubu “Legiya”ya transferini dəyərləndirərkən deyib.

Çalışdırıcı bildirib ki, millimizin forvardı ilə xarici klublar iki ildir maraqlanır: “Avropa Liqasındakı və millidəki oyunlardan sonra Mahir ötən mövsüm bombardirlər sırasında yer aldı. Bir oyunçunun bombardirlik bacarığı varsa, istər-istəməz ona maraq çox olur. Skautlar bütün ölkələrdəki futbolçulara baxırlar, istedadlıları almağa çalışırlar. Son bir ildə Mahirlə bağlı danışıqlar daha çox oldu. Onun özünə, kluba təkliflər gəldi. Sonda ən real təklif “Legiya”, həmçinin Macarıstan və Belçikadan idi. Emreli “Legiya”nı seçdi. Bizimlə mayın sonunda müqaviləsi bitmişdi. Biz onun gedişinə ancaq sevinirik”.

Qurbanov sabiq yetirməsinin “Legiya”nın heyətində keçirdiyi iki yoxlama görüşündə 4 qol vurmasına da münasibət bildirib. 49 yaşlı mütəxəssisin fikrincə, Emrelinin Varşava təmsilçisinə tez uyğunlaşması təəccüblü deyil: “Mahirin üstün xüsusiyyəti odur ki, futbolda ünsiyyətcil, mühitə tez alışandır. Bu da komandaya adaptasiya olmasında ona kömək edir. İdmanda gərək utanmayasan, çəkinməyəsən. Təbii ki, yoxlama görüşləri ilə rəsmi matçlar tam fərqlidir. Orada başqa oyun, sürət, məsuliyyət var. İnanıram ki, Mahirin qollarının davamı olacaq. Çünki onda bacarıq, potensial var. Sırf futbolu düşünsə, daha yaxşısını edə bilər”.

Qeyd edək ki, bu yay “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Polşa çempionu ilə 3+1 illik müqavilə imzalayıb.