11:12 26-06-2021
news_image
349
FUTBOL

“Aşdod” asan rəqib deyil, amma...” – Qurban Qurbanov

“Rəqiblə tanış olmuşuq, İsrail çempionatında 3-cü yerdədir”.

Apasport.az saytının məlumatına görə, bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri “Aşdod” barədə danışarkən deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı İsrail klubları ilə tez-tez qarşılaşdıqlarını, bu ölkədə çempionatın son vaxtlar daha çox inkişaf etdiyini söyləyib: “Bizə tanış çempionatdır, “Aşdod”un oyunları ilə maraqlanmışıq. Bundan əvvəl də İsrail klublarına qarşı oynamışıq. “Aşdod” asan rəqib deyil, amma çalışırıq hər şey bizim tərəfimizdə olsun. Daha ciddi və məsuliyyətli yanaşırıq”.

Qurbanov yeni mövsümün startına qədər problemləri həll etməyə çalışdıqlarını vurğulayıb: “İlk problemimiz öz futbolçularımızın, komandamızın, oyunumuzun yaxşılaşdırılmasıdır. Bundan sonra rəqibi daha yaxından tanımağa başlayırıq. Əgər düşündüklərimi kollektivə aşılaya bilsəm, istənilən rəqibə qarşı oynamaq asan olacaq. Əlbəttə ki, onları düzgün təhlil etdikdən sonra. Ona görə çalışırıq ilk növbədə komandamızı formalaşdıraq”.

Təcrübəli mütəxəssis “Aşdod” barədə məlumatlar topladıqlarını sözlərinə əlavə edib: “Ümumi məlumatımız var - neçə legionerə sahibdir, hansı üslubda oynayır, hansı səviyyədə komandadır... Raportlar gətirilir, hazırlanır, videoroliklər yığılır. Yəni hərtərəfli iş gedir”.

Qeyd edək ki, “Qarabağ”la “Aşdod” arasında ilk oyun iyulun 22-də Bakıda, cavab görüşü isə 29-da Aşdodda keçiriləcək.