15:15 26-06-2021
news_image
498
FUTBOL

Qurban Qurbanovun oğlunu daha çox oynatmamasının səbəbi – özü açıqladı

“Musa “Qarabağ”ın futbolçusu idi, “Zirə”yə icarəyə vermişdik. Onu komandaya qaytarıb, müqavilə müddətini uzatdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlı haqda fikirlərini bildirərkən deyib.

Təcrübəli mütəxəssis yenicə klubla 3 illik müqavilə bağlayan Musanın “Legiya”ya keçən Mahir Emreli ilə müqayisə olunmasını düzgün hesab etmir: “Gənclər öz üzərlərində daha çox işləməlidirlər. Yaxşı olmaq üçün mütləq digərlərindən daha çox çalışmalısan. Mahir Emrelinin davamçısı olar-olmaz sualına bu gün fikir bildirə bilmərəm. Sadəcə, Mahirlə Musa fərqli futbolçulardır”.

Futbol ictimaiyyəti və azarkeşlərin əksəriyyəti hesab edir ki, Musa Qurbanlı məhz Qurban Qurbanovun oğlu olduğu üçün “Qarabağ”da çox oynamaq şansı qazanmır. Çalışdırıcı seçimində bunun da müəyyən rol oynadığını təsdiqləyib: “Birincisi, hələ gəncdir. İkincisi, bir az da bu amil var. Əgər Musa ilə digəri eyni səviyyədədirsə, mən o biri oyunçuya üstünlük verirəm. Əks təqdirdə, həmin futbolçu düşünə bilər ki, oğlum olduğu üçün onu oynadıram. Bu gün görsəm ki, Musa hamısından üstündür, əlbəttə, onun qarşısını kəsmərəm. Azarkeşlərin çoxu da bilir ki, belə məsələlərdə dürüst olmağa çalışıram. Baxmıram ki, bu mənim oğlumdur, qohumumdur, yaxınımdır. İdman bunu sevmir. Yaxşı olacaqsa, biz heç kimin qarşısını almayacağıq. Kim üstündürsə, o da oynayacaq”.

Qeyd edək ki, Musa Qurbanlı 2020/21 mövsümündə “Qarabağ”da 5, “Zirə”də 9 oyun keçirib, hərəsində bir qol vurub.