01:45 29-06-2021
news_image
545
AVRO-2020

Fransa penaltilər seriyasında uduzdu – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsində daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, günün ikinci – sonuncu matçı Buxarestdə baş tutub.

“Ölüm qrupu”nun birincisi olan son dünya çempionu Fransa Bakının da ev sahibliyi etdiyi A qrupunda üçüncü yeri tutan İsveçrəni sınağa çəkib.

AVRO-2016-nın finalçısı olan “üçrənglilər” qarşılaşmanın aşkar favoriti sayılsa da, erkən qolla şok yaşayıblar. Hər kəsin fransızlardan qol gözlədiyi bir vaxtda Haris Seferoviç hesabı açıb. İlk 45 dəqiqədə bu üstünlüyünü qoruyan isveçrəlilər fasilədən dərhal sonra penalti qazanıblar. Lakin Rikardo Rodriges qapıçı ilə dueldən məğlub ayrılıb.

Uqo Lyorisin seyvindən ruhlanan fransızlar 3 dəqiqə ərzində nəinki hesabı bərabərləşdirib, hətta önə də keçib. Kərim Benzema əvvəlcə Kilian Mbappenin, az sonra isə Antuan Qrizmannın məhsuldar ötürməsini qolla tamamlayıb. Bununla da kifayətlənməyən “üçrənglilər” Pol Poqbanın uzaq məsafədən mükəmməl qolu ilə rəqibi daha bir dəfə mərkəzə dəvət edib.

Seferoviç sona yaxın fərqi minimuma endirərək, komandasını yenidən ümidləndirib. Bu azmış kimi, isveçrəlilər 90-cı dəqiqədə status-kvonu bərpa ediblər. Beləliklə, günün ikinci dramatik matçında da əlavə vaxta ehtiyac duyulub. Əlavə edilmiş 30 dəqiqədə də bərabərlik dəyişməyib.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq oynayan İsveçrə yoluna davam edib. Fransanı turnirdən kənarlaşdıran isə son penalti zərbəsində qapıçıya yenilən Kilian Mbappe olub. Beləliklə, İsveçrənin 1/4 finaldakı rəqibi İspaniya olacaq.

Qeyd edək ki, bunadək Danimarka, İtaliya, Çexiya, Belçika və İspaniya 1/4 finala yüksəlib. 1/8 final mərhələsinə sabah yekun vurulacaq.

AVRO-2020
1/8 final
28 iyun

23:00. Fransa – İsveçrə - 3:3, pen. 4:5
Qollar:
Kərim Benzema, 57, 59, Pol Poqba, 75 - Haris Seferoviç, 15, 81, Mario Qavranoviç. 90
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. “Nasional” stadionu