17:37 28-06-2021
news_image
207
FUTBOL

“Messiyə tam başqa biri kimi yanaşıram” - Qurban Qurbanov

"Dünya ulduzlarından kimi komandamda görmək istəsəm, bura gəlməyəcək. Bəlkə 40 yaşında Maykl Essyen “Səbail”ə, Keysuke Honda “Neftçi”yə keçir. Bu, sadəcə reklam xarakterli ola bilər. Biz o klub deyilik ki, bunu etmək istəyək”.

Apasport.az saytının məlumatına görə, bunu Lent.az saytına müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ulduz futbolçu transferinin mümkünlüyü barədə danışan 49 yaşlı mütəxəssis buna çox meyl etmədiklərini söyləyib. Qurbanov hətta bəyəndiyi məşhurların adlarını da çəkib: “Dünyada bəzi ulduz futbolçular var ki, onlara dəyər verirəm. Lionel Messi, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç bu yaşda da formalarını qoruyub saxlayırlar. Həmişə futbolçularımıza onları misal göstərirəm. Onlar qol vurmaqdan doymurlar, öz işinin fanatlarıdır. Qalib gəlmək, azarkeşi sevindirmək istəyirlər. Bu xəyalla yaşayırlar. Ona görə də, futboldan uzaqlaşmaq istəmirlər. Ronaldodan da, İbrahimoviçdən də bacarıqlı futbolçular olub. Messini demirəm, ona tam başqa biri kimi yanaşıram. Bəziləri 30 yaşında karyerasını bitiriblər. Deməli, onlarda o peşəkarlıq çatışmayıb. Onların mənim komandamda olmalarını istəmirəm. Əksinə, daha böyük işlərə layiqdirlər”.

Qeyd edək ki, Keysuke Honda bu ilin martında anlaşdığı “Neftçi”də 2 ay oynayıb və Azərbaycan çempionu olub.