10:13 29-06-2021
news_image
781
FUTBOL

“Qarabağ”la “Neftçi”nin yeni mövsümə haradan başlayacağı açıqlandı – UEFA reytinqində

Gələn həftə avrokuboklarda yeni mövsümün təsnifat mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının ilkin mərhələsi arxada qalan 2021/22 mövsümünə Azərbaycan klubları UEFA reytinqindəki yeni mövqelərində başlayacaq.

2016/17 mövsümünün nəticələri silindikdən sonra təmsilçilərimizin xal hesabı və tutduğu yer də dəyişikliyə uğrayıb. Start ərəfəsində ən yaxşı klubumuz “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 17,500 xala malikdir. Bunun 1,500-ü yeni mövsümün qazancıdır. Ağdamlılar Konfrans Liqasında I təsnifat mərhələsini buraxdığından aktivinə 1,500 xal gəlib.

“Qarabağ” Avropada 77-ci yerin şəriklərindəndir. Təmsilçimiz “Feyenoord” (Niderland), “Styaua” (Rumıniya) və BATE (Belarus) ilə eyni göstəriciyə malikdir.

Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında oynayan “Neftçi” də artıq 1,500 xalı əldə edib. Bakılılar 6,000 xalla 167-ci yeri bölüşür. 

Paytaxt klubu “Lex” (Polşa), “Şemrok Rovers” (İrlandiya), HİK və “KuPS” (hər ikisi Finlandiya) ilə şərikdir.

Azərbaycan klubları arasında 3-cü yerdə “Keşlə”dir. 4,000 xala malik bakılılar yeni qazanılan 1,500-ün hesabına 254-cü yerə şərik çıxıb.

3,500 xala malik “Qəbələ” 290-ci yeri bölüşən klublar sırasındadır. “Sumqayıt”, “Səbail” və “Zirə” 337-ci sırada qərarlaşıb. Onların aktivində 2,525 xal var.