11:38 29-06-2021
news_image
151
AVRO-2020

Məhsuldar günün məqamları – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsinin üçüncü günü bəzi maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Xorvatiya - İspaniya (3:5) və Fransa – İsveçrə (3:3, pen.4:5) oyunları statistik baxımdan yaddaqalan olub.
 

2021-ci il iyunun 28-i qol sayında Avropa çempionatları tarixində 3-cü olub. 14 qolun vurulduğu gün yalnız 2000-ci il iyunun 21-dən geri qalıb. Həmin gün 4 matçda 18 top qeydə alınıb. 6 gün öncə - iyunun 23-də eyni göstərici təkrarlanıb.

Avropa çempionatlarında heç vaxt 2 top fərqi ilə uduzan komanda son 10 dəqiqədə məğlubiyyətdən qaça bilməmişdi. Amma bu dəfə Xorvatiya İspaniya ilə, İsveçrə isə Fransa ilə görüşdə 1:3-dən sonra 2 topu son 10 dəqiqədə vurub.

Avropa çempionatları tarixində ilk dəfə 5:3 hesabı qeydə alınıb. Bu, 1960-cı ilin Fransa – Yuqoslaviya matçından (4:5) sonra ikinci ən məhsuldar oyundur.
 


İspaniya ardıcıl 2 oyunda 5 və ya daha çox qol vuran ilk komanda olub – Slovakiya 5:0, Xorvatiya 5:3.

Alvaro Morata İspaniya millisinin Avropa çempionatlarındakı ən yaxşı bombardiri Fernando Torresin rekordunu təkrarlayıb – hərəsi 5 qol.

İspaniya ardıcıl 2 matçda ən çox qol vuran komanda adına yiyələnib. Bunadək rekord AVRO-2000-də iki oyuna 9 qol vuran Niderlanda məxsus idi – Fransa 3:2, Yuqoslaviya 6:1.

Xorvatiya – İspaniya matçında 8 oyunçu qol vurub. Bu, Avropa çempionatlarının rekordudur.
 


İspaniyalı Pedri Avropa çempionatlarında ən uzun məsafədən avtoqol vuran futbolçu olub – 45 metr.

AVRO-2020-də avtoqol sayı 9-a çatıb. Bunadək keçirilən qitə çempionatlarında ümumilikdə bu qədər qol öz qapısına vurulub.

Pedri Avropa çempionatının pley-offunda avtoqol edən ən gənc oyunçudur – 18 yaş 215 gün. O, AVRO-2016-nın İslandiya ilə matçında uğursuzluq yaşayan ingiltərəli Markus Reşfordu (18 yaş 24 gün) arxada qoyub.
 


İsveçrəli Haris Seferoviç Avropa çempionatlarında 800-cü qolun müəllifi olub.

İsveçrəli Stiven Zuber AVRO-2020-də 4 məhsuldar ötürmə verib. O, bir turnirdəki assist sayında Lyubinko Druloviç (Yuqoslaviya, 2000), Aaron Remsi (Uels, 2016) və Eden Azarın (Belçika, 2016) rekordunu təkrarlayıb.
 

Fransalı Kərim Benzema bir turnirin iki matçında 2 və ya daha çox qol vuran 5-ci futbolçudur. Onadək almaniyalı Herd Müller 1972, fransalı Mişel Platini 1984, ingiltərəli Ueyn Runi 2004, fransalı Antuan Qrizmann 2016-cı ildə buna nail olub.

Kərim Benzema İsveçrə ilə görüşdə iki qolu 1 dəqiqə 43 saniyəyə vurub. Avropa çempionatları tarixində yalnız isveçli Henrik Larson daha sürətli dubl edib. O, 2004-cü ilin Bolqarıstanla matçında 1 dəqiqə 11 saniyəyə 2 qol vurub.