13:48 29-06-2021
news_image
143
AVRO-2020

Ən məhsuldar 5 oyunu – Avropa çempionatlarının

AVRO-2020-nin 1/8 final mərhələsində keçirilən Xorvatiya – İspaniya oyunu turnir tarixinin ən qollu ikinci matçı olub.

Apasport.az saytının məlumatına görə, ispanların 5:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada rekord qırmaq üçün 1 qol çatmayıb.

Avropa çempionatları tarixinin ən məhsuldar 5 görüşünü təqdim edirik:

1. AVRO-1960: Fransa – Yuqoslavya - 4:5
1960-cı ildə ilk dəfə Avropa çempionatı təşkil olunub. Yarımfinalda Fransa ilə qarşılaşan Yuqoslaviya matçdan 5:4 hesabı ilə qalib ayrılıb. 9 qolun vurulduğu qarşılaşma hələ də Avropa çempionatları tarixinin ən məhsuldar görüşüdür.

2. AVRO-2020: Xorvatiya – İspaniya - 3:5
Hazırda davam edən turnirin 1/8 final mərhələsindəki Xorvatiya – İspaniya  qarşılaşmasında qapılara 8 top vurulub. 90 dəqiqəsi 3:3 hesabı ilə yekunlaşan oyunun əlavə vaxtında ispanlar daha iki dəfə fərqlənərək qələbə qazanıb.

3. AVRO-2000: Yuqoslaviya – İspaniya - 3:4
Bu görüş AVRO-2000-nin qrup mərhələsinə təsadüf edib. Qələbədən başqa yolu olmayan ispanlar son dəqiqələrdə hesabda 2:3 geri olub. Lakin 90+4 və 90+6-cı dəqiqələrdə gələn toplar sayəsində İspaniya növbəti mərhələyə adlayıb.

4. AVRO-2000: Niderland – Yuqoslaviya - 6:1
Həmin turnirin qrupunda ikinci yeri tutan Yuqoslaviya 1/4 finalda Niderlandla qarşılaşıb. Meydanı 6:1 hesablı qələbə ilə tərk edən niderlandlar qitə birinciliklərində bir matçda 6 qol vuran yeganə komandadır.

5. AVRO-2016: Fransa – İslandiya - 5:2
AVRO-2016-nın 1/8 final mərhələsində sürpriz şəkildə İngiltərəni mübarizədən kənarlaşdıran İslandiya növbəti raundda bu çıxışını davam etdirə bilməyib. Qapısından 5 top buraxan şimallılar bunun yalnız 2-nə qarşılıq verə biliblər.