09:57 30-06-2021
news_image
251
FUTBOL

Branislav Çervenka: “Azərbaycan karyerasının sonlarına yaxınlaşanlar üçün maraqlı yerdir” - MÜSAHİBƏ

Vaxtilə “İnter”in (indiki “Keşlə”nin) formasını geyinmiş Branislav Çervenka ölkəsi Çexiya mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, hazırda “Kromerjij” klubunu çalışdıran 46 yaşlı mütəxəssis Azərbaycan futbolu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Həmin müsahibəni təqdim edirik.

- 2007-ci ildə “Fastav”dan “İnter”ə (indiki “Keşlə”yə) keçdiniz. Sizi bu ekzotik məkana nə apardı və transfer necə reallaşdı?
- O vaxt “Fastav”la müqaviləm bitdi, müddətin uzadılması məsələsində razılaşmadıq. Artıq 30 yaşda idim, xarici bir ölkəyə getməyin yaxşı olacağını düşünürdüm. Qazaxıstanda bir klubda baxışdan keçdim, sonra Bolqarıstanda olan “İnter”in düşərgəsinə yollandım. Orada iki məşq və bir oyunda iştirak etdim, baş məşqçi məni komandaya götürdü. Həmişəki kimi, “İnter”lə də 1 illik müqavilə imzaladım.

- “İnter” sizinlə necə əlaqə saxladı? Azərbaycan futbolu barədə məlumatınız var idi?
- Bir dostum vasitəsilə. Mənim üçün çətin qərar idi. Çünki bilmədiyim ölkə idi, nə ilə qarşılaşacağımı, nə edəcəyimi bilmirdim. Ancaq ilk tanışlığa və bəzi bəxtsizliyə baxmayaraq, beş il orada qaldım.

- Ailəniz buna nə dedi?
- Övladım təxminən 8 yaşında idi, məktəbə gedirdi və futbol oynayırdı. Buna görə həyat yoldaşımla onun Çexiyada, evdə qalmasını qərara aldıq. Tətildə məni görməyə gəlirdilər.

- Futbolçuların səviyyəsi necə idi?
- Oyunçuların səviyyəsi yaxşı idi. Belə bir qarışıq var idi: yerlilər, komandada olan serblər, ruslar, ukraynalılar və bəzi braziliyalılar. O vaxtlar şəhər hələ də köhnə görünürdü, klubun keçmiş bazasında vəziyyət lüks deyildi. Amma öyrəşdim, tədricən hər şey düzəldi. Bakıda inşaat işləri başladı, hər şey yeniləndi və bu gün gözəl, müasir bir metropoldur.

- Yerli futbolun inkişafı necə idi?
- Komandamızda millilərinə çağırılan oyunçular var idi. Yığmalarının nəticələri yaxşı olmadı, bir çox məşqçi dəyişdilər. Hətta tanınmış almaniyalı Berti Foqts, xorvatiyalı Robert Prosineçki orada işlədi, hazırda isə italiyalı Canni de Byazi baş məşqçiləridir. İndi daha balanslı matçlar keçirirlər, xoşagəlməz rəqib sayılırlar, xallar toplayırlar. Klub səviyyəsində də eynidir. Əvvəllər komandalar avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirdilər. Ancaq indi “Qarabağ” ardıcıl yeddi dəfə bu uğuru qazanıb. Bu, onlar üçün böyük nailiyyətdir. Orta səviyyəli komandalara qarşı yaxşı oynaya və xal qazana bildiklərini sübut etdilər. Futbolda getdikcə daha da yaxşılaşırlar.

- Bəs azərbaycanlıların futbola marağı necədir?
- Futbola münasibətləri yaxşıdır. Ancaq tamaşaçılar oyunlara elə də çox getmir. Bakıdan kənardakı şəhərlərin klublarının matçlarına maraq daha çox idi. Məsələn, Lənkəranda oyunlara 15 min adam gəlirdi. “Qarabağ”ın kiçik bir stadionu var idi, “Neftçi”nin ev oyunlarına 3-5 min azarkeş gəlirdi. İndi o qədər də maraqlanmıram. Amma azarkeş ənənəsinin başqa yerlərdəki qədər yaxşı olmadığını düşünürəm.

- Klub rəhbərləri və sponsorlar oyunlara getməyi xoşlayırlar?
- Əlbəttə, bir kluba sahib olmaq böyük prestijdir. Bu, sponsorluq edən biznesmenlərə, oliqarxlara iş həyatında yol açır.

- Beş ili orada keçirdiniz, bu da uzun müddətdir. Bu dönəmi karyeranız və həyatınız baxımından necə qiymətləndirirsiniz?
- Karyeramın ən yaxşı dönəmi oldu. “İnter”lə iki titul qazandıq, kubokun finalına yüksəldik, iki dəfə üçüncü yeri tutduq. Hər il zirvəyə oynayırdıq. Oyunların 80-90 faizində start heyətində oynadım. Ətrafdakı insanlar çox mehriban idi, onlarla yaxşı münasibətlərim var idi. Hələ də orada dostlarım var, əlaqə saxlayırıq. Bakıya gedəndə görüşəcəyik.

- Mərkəzi avropalı kimi, uyğunlaşma problemi yaşamadınız?
- Əlbəttə, uyğunlaşmalı idim. Axı Avropaya yaxın olsa da, fərqli mədəniyyət idi. İnsan hər zaman yerli qaydalara uyğun davranmalıdır. Bunu bacarsan, heç bir problem yaşamazsan. Klubda xaricdən gələn futbolçular çox olsa da, heç vaxt bir-birimizlə və ya digərləri ilə problemimiz olmayıb. Məsələn, orada kişilər şalvar geyinirlər, amma şort geyindiyimiz zaman da bizə nəsə demirdilər.

- Boş vaxtınızı necə keçirirdiniz? Azərbaycanlıların cəmiyyət içinə çox çıxmadığı deyilir...
- Onlar üçün ailə çox şey deməkdir. Buna görə dincliklərini üstün tuturlar və evdə də çox əylənə bilərlər. Bir yerə getdiyimiz zaman biz əcnəbilər çoxluq təşkil edirdik. Futbolçuların ailələri ilə daha çox rəsmi tədbirlərdə və ya onlardan birinin toyunda görüşdük. Onların adət-ənənələrini bildik. İki yüz nəfərlik toyda hər masaya bir qarson baxır, çox yeməkləri, içkiləri olur, əyləncəli keçir. Orada olduğum zaman gördüm ki, rəqs edəndə bir tərəfdə kişilər, bir tərəfdə qadınlar olur.

- 67 min nəfərlik Bakı Olimpiya Stadionuna sahib olmaq ehtirası onlarda haradan yarandı?
- Həmişə belə ehtirasları olub. Bu gün Bakıda “Formula-1” Qran-prisi də təşkil olunur. Halbuki o vaxt bu, ağlasığmaz idi. O yolda maşınla normal getmək mümkün deyildi. Artıq çox inkişaf ediblər. Ən böyük irəliləyişə mən Çexiyaya qayıdandan sonra nail olmağa başladılar.

- AVRO-2020-nin 4 oyunu da Bakıya verildi. Buna münasibətiniz necədir?
- Düzü, təşkilatçı 11 şəhərdən birinin Bakı olması mənim üçün sürpriz oldu. Ancaq ölkələrini o qədər yaxşı tanıtdılar və elə bir zəmanət verdilər ki, UEFA yekunda Bakıda oyunlar keçirilməsini təsdiqlədi.

- Azərbaycanı Avropa və dünya futbol bazarı üçün potensialı olan maraqlı yer saymaq olar?
- Gələcəkdə ulduz futbolçular üçün cəlbedici yer olub-olmayacağını deyə bilmərəm. Təbii ki, karyerasının sonlarına yaxınlaşan, lakin hələ də müəyyən səviyyədə qalanlar üçün maraqlı yerdir. Yerli liqada cəmi 8 klub var və yalnız ikisi Avropa komandaları ilə rəqabət aparır.