12:07 30-06-2021
news_image
508
TOKİO-2020

“Cüdoçularımızdan Olimpiadada 9 qızıl medal gözləyirəm” – Olimpiya çempionu

“Cüdo yığmamızın Olimpiadaya 9 lisenziya qazanması mənim üçün təəccüblü olmadı”.

Bunu apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan millisinin sabiq üzvü Elnur Məmmədli deyib.

33 yaşlı sabiq idmançı cüdoçularımızın Tokio-2020 Yay Olimpiya Oyunlarına 9 – kişilərin tam heyətlə, qadınların 2 lisenziya qazanmasına münasibət bildirib. O, bunun sürpriz olmadığını söyləyib: “Azərbaycan Cüdo Federasiyasının hazırkı rəhbərliyinin gördüyü işi nəzərə alsaq, rekord sayda lisenziya olmasını gözləyirdim. Federasiya, həqiqətən də, yüksək səviyyədə fəaliyyət göstərir, heç bir problem yoxdur”.

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Elnur Məmmədli hazırkı milli üzvlərindən də eyni nəticəni gözləyir: “Kişilərin mübarizəsində hər çəkidə idmançı var. Nicat Şıxəlizadə 66 kq-da Olimpiadaya lisenziya qazansa da, Orxan Səfərov reytinqdə öndə olduğu üçün Tokioya o gedəcək. Bildiyiniz kimi, 60 kq-da yarışa yollanacaq Kəramət Hüseynov mənim bacım oğludur. Təkcə o yox, hamısı mənim üçün əzizdir. İstərdim ki, hər biri Tokioda bayrağımızı dalğalandırsın, himnimiz səslənsin. Cüdo çətin, bir o qədər də şərəfli idman növüdür. Bu növdə sürprizlər çox olur. Buna görə də, cüdoçularımızın bizə sürprizlər etməsini gözləyirəm. Şəxsən mən hamısından çempionluq, yəni 9 qızıl medal gözləyirəm”.

Qeyd edək ki, Azərbaycanın Tokio-2020-də iştirak hüququ qazanan idmançılarının ümumi sayı hələlik 39-dur.