12:23 30-06-2021
news_image
218
AVRO-2020

Platinini keçdi, Semihə çatmadı – AVRO-2020-də

AVRO-2020-nin 1/8 final mərhələsinin son günü maraqlı məqamlarla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, İngiltərə - Almaniya (2:0) və İsveç - Ukrayna (1:2) matçlarında bəzi rekordlar qeydə alınıb.

İtaliya çempionatında oynayan futbolçuların AVRO-2020-də vurduğu qolların sayı 30-a çatıb. Bu, eyni turnirdə bir liqa üçün rekordun təkrarıdır. AVRO-2016-da İngiltərədə çıxış edənlər eyni sayda qol vurub.

1/4 finalda İngiltərə liqasının 59 futbolçusu iştirak edə bilər. İtaliya 39, Almaniya 27, Ukrayna 18, İspaniya 17 oyunçu ilə təmsil olunacaq.

Tomas Müller Almaniyanın son 26 final mərhələsi oyununda meydana çıxıb. O, bu seriyada Bundestimin rekordçusu Məsut Özilə çatıb.

Artyom Dovbik Avropa çempionatlarının final mərhələsində ən gec vurulan 2-ci qolun müəllifi olub. Ukraynalı 120 dəqiqə 37 saniyəyə qol vurub. Rekord isə Semih Şəntürkə məxsusdur. Türkiyəli AVRO-2008-də Xorvatiyaya 121 dəqiqə 1 saniyədə qol vurub.

Dovbikin qolu ən gec vurulan qələbə topudur. O, AVRO-1984-ün Portuqaliya ilə matçının 118 dəqiqə 53-cü saniyəsində fərqlənən Mişel Platinini arxada qoyub.

Sebastyan Larsson İsveç millisinin final mərhələlərinin pley-offdakı ən yaşlı oyunçusu olub – 36 yaş 23 gün. O, DÇ-1958-də 37 yaş 241 günlüyündə şans qazanan Qunnar Qreni keçib.