15:14 30-06-2021
news_image
297
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov irəlilədi, Rəcəbov mövqeyini qorudu - FİDE reytinqində

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, iyul reytinqində ötən siyahı ilə müqayisədə cüzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2782 xalla 6-cıdir. Ondan 19 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

Şəhriyar kimi 2 pillə irəliləyən Qədir Hüseynov 72-ci sırada yer alıb – 2665 xal. 11 addım geriləyərək 84-cü yerə yuvarlanan Nicat Abbasov 2656 xala malikdir.

2 xal geri qalan Rauf Məmmədov 3 pillə irəliləyərək 87-cidir. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 97-ci pillədə qalıb.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir – 2847 xal. Fabiano Karuana (ABŞ) 2806 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2460 xalla 25-cidir. O, 4 addımlıq sıçrayışa nail olub.

5 pilləlik irəliləyişə imza atan Gülnar Məmmədova (2385) 77-ci sıraya yüksəlib. Ondan 9 xal geri olan Xanım Balacayeva 91-ci sırada qalıb.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2596) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.