15:25 30-06-2021
news_image
525
AVRO-2020

Vaqif Cavadov finalçıları və çempionu açıqladı - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- AVRO-2020-nin 1/8 final mərhələsində qeydə alınan nəticələr sizin üçün sürpriz olmadı?
- Bəli, sürpriz demək olar. Məsələn, öncədən hamı düşünürdü ki, “ölüm qrupu”dan çıxacaq komanda əsas favoritlər olacaq. Amma bu qrupun heç bir nümayəndəsi 1/4 finala qala bilmədi. Bu özü böyük sürprizdir.

- Hansı komandaların çıxışına daha çox təəccübləndiniz?
- İki komandanı fərqləndirərdim. İtaliya ən azı son 2-3 böyük turnirdə elə də sürətli oyun göstərmirdi. Ancaq AVRO-2020-yə tam fərqli yanaşırlar. Həmçinin turnirə uğursuz başlamasına baxmayaraq, Danimarka artıq çox gözəl oyun nümayiş etdirir. Vurduğu qolları bir kənara qoysaq, özünəməxsus oyun üslubu, yüksək sürət sayəsində hamını təəccübləndirir. Hətta deyərdim Danimarka Avropa çempionluğunu qazanmağa doğru gedir. Mənim üçün əsas favoritlərdən biri onlardır.

- Portuqaliya, Fransa, Almaniya, Niderland kimi yığmalar mübarizəni dayandırdı. Sürpriz çempion görə bilərik?
- Şəxsən mən Belçika – İtaliya cütünün qalibini çempionluğa ən real namizəd hesab edirəm. Fikrimcə, yarımfinalda İspaniya ilə düşsələr belə, finala çıxacaqlar. Digər “setka”da də hamının gözü İngiltərədədir.

- Bəs sizin proqnozunuz necədir?
- Proqnozum belədir ki, yarımfinalda İtaliya – İspaniya, İngiltərə - Danimarka cütlükləri olacaq. Orada isə İtaliya ilə Danimarka qələbə qazanacaq. Çempion da Roberto Bacconun vaxtından azarkeşi olduğum İtaliya millisi olacaq. Ümumiyyətlə, həm qol sayları, həm komandaların oyun tərzi futbolu azarkeşlər üçün əsl bayrama çevirib. Amma əsas maraqlı oyunlar hələ bundan sonra olacaq.

- Andrey Şevçenkonun çalışdırdığı Ukraynanın İngiltərəni keçmək şansı yoxdur?
- Ukrayna İsveçi məğlub etdiyindən, onlarda əhval-ruhiyyə yüksəkdir. Orada Andrey Şevçenko amili var. Onun təkcə baş məşqçi olması yox, yığmanın düşərgəsində yer alması özü futbolçular üçün böyük önəm kəsb edir. Ukraynanın bu uğurunun birbaşa memarı Şevçenkodur. Biz proqnoz olaraq kimisə yarımfinalda görə bilərik. Ancaq hələ çox sürprizlər ola bilər. Onu da deyim ki, İtaliyadan sonra turnirdə azarkeşlik elədiyim ikinci komanda sırf Şevçenkoya görə Ukraynadır.

- Sizin finala layiq gördüyünüz Danimarka millisi iyulun 3-də 1/4 finalda Çexiya ilə Bakıda üz-üzə gələcək. Həmin matça marağın nə qədər olacağını düşünürsüz?
- Həmin iki ölkənin azarkeşi çox olsa, yerli futbol fanatları da matça maraq göstərərlər. Əlbəttə, Danimarka və Çexiyadan gələcək azarkeşlər stadionda böyük canlanma yaradacaq. Razıyam ki, Niderland gəlsəydi, yerli insanların marağı daha böyük olardı. Çexiya – Danimarka oyunu maraqsız ola bilər, çünki komandalarda ulduz futbolçu sayı azdır. Çünki tanınmış futbolçular olanda tamaşaçılar da onların çıxışını canlı görmək üçün stadiona getməyə can atırlar. Ancaq yenə də düşünürəm ki, Bakı Olimpiya Stadionuna gedən azarkeşlər oyundan həzz alacaqlar. Şəxsən mən çox maraqlı, şən mübarizə gözləyirəm.

Ruslan Sadıqov