09:49 02-07-2021
news_image
1513
FUTBOL

Ramin Musayev: “Narazılıq indi də var, amma dillənə bilmirlər” – MÜSAHİBƏ

Bu gün Peşəkar Futbol Liqasının (PFL) yaranmasından 13 il vaxt keçir.

İlk gündən quruma prezidentlik edən Ramin Musayev bununla bağlı apasport.az saytının suallarını cavablandırıb. Qurum rəhbəri ənənəsinə sadiq qalaraq, bu dəfə də bir sıra maraqlı məqamlara toxunub.

“Planlarımız var, həyata keçirə bilmirik”
- Peşəkar Futbol Liqasının yaranmasından 13 il keçir. Bu münasibətlə sizi təbrik edirik. Əvvəlcə təəssüratlarınızı eşitmək istərdik...
- Təbrikə görə çox sağ olun. Bu gün eyni zamanda sizin də bayramınızdır. Hər birinizə həyatda əvəzsiz olan can sağlığı arzulayıram. O ki qaldı təəssüratlarıma, açığı, heç vaxt gördüyüm iş barədə danışmıram. Çünki bu, yanlış anlaşıla bilər. Peşəkar Futbol Liqasının gördüyü iş göz qabağındadır. Bu qurumun yaranma tarixi hər kəsə bəllidir. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra PFL-in yaradılmasını qərara aldı. Məqsəd Azərbaycan çempionatına qulluq etmək idi. Azərbaycan Premyer Liqasının reytinqdə əvvəlki mövqeyi və bizim gəlişimizdən sonra neçənci yerdə qərarlaşması çox şeyi deyir. Bizə tapşırılan işin öhdəsindən gəlməyə çalışdıq. Şükürlər olsun ki, bunu da bacardıq. Mənə elə gəlir ki, kimsə narazılıq etməməlidir. Çünki bacardığımızdan da artığını etdik. Bir məqamı xatırladım. Qurumun yaranmasından qısa müddət sonra klip çəkdirmişdik. Dünya çempionatında da məhz o klipin oxşarına uyğun video hazırlayıb yayımladılar. Demək olar ki, bizim videonun sürəti idi. Bu özü qurumun, onun işçilərinin bacarığından xəbər verir. Azərbaycan kubokunun finallarındakı sürprizlərlə azarkeşləri razı saldıq. Vaxtilə sponsor oldu, fərdi mükafatlar verdik. Təəssüf ki, pandemiya dönəmində maliyyə ilə əlaqədar bunları edə bilmirik. İnşallah, vəziyyət düzələr, yeniliklərimizi davam etdirərik. Bəzi planlarımız var, ancaq maddi durumla bağlı həyata keçirə bilmirik.

“Mən deməklə deyil, statistika hər şeyi göstərir”
- Dediniz ki, kimsə narazılıq etməməlidir. Bəs siz özünüz işinizdən razısınız?
- “Narazıyam” da desəm, “razıyam” da desəm düz çıxmaz. Ancaq bəzi məqamları yadınıza salım. “Altılıq” sistemi tətbiq etdik, bizdən sonra başqa bir neçə ölkə də bundan yararlandı. Həmin formatın yaranmasından sonra klublarımızın avrokuboklardakı nailiyyətləri də göz önündə oldu. Bundan başqa, heç kimin ədalətli çempionat keçirməyimizə şübhəsi yoxdur. Çünki çempionatımızda birinci yeri tutan komandanın avrokuboklardakı nəticəsi göstərirdi ki, onlar çempionluğa layiq olub. Ancaq təəssüf ki, bu qurum yaranana qədər belə deyildi. Ramin Musayev deməklə deyil, statistika hər şeyi göstərir. Heç nəyi dəyişmək mümkün deyil. Bundan başqa, əvəzedici heyətin yaranması Azərbaycan futboluna böyük təkan oldu. Bunu danmaq vicdansızlıq olar. Təəssüf ki, əvəzedici heyətin Peşəkar Futbol Liqası yarandıqdan sonra bərpa olunduğunu heç kim dilinə gətirmir. Eybi yoxdur, zaman gələr səslənər. Biz reklam, şan-şöhrət xatirinə çalışmamışıq. Əsas odur ki, bu bir tarixdir. Bütün bunları nəzərə alsaq, işimizdən razıyam.

- Bu illər ərzində sonradan peşman olduğunuz hansısa qərarınız oldu?
- Bəlkə də, olub, amma yadıma sala bilmirəm.

“Klublar sürücüsünə qədər PFL-ə hücum çəkirdilər”
- Hələlik PFL-in ilk və yeganə prezidentisiniz. Qurum yeni yarananda vəzifənizdə bu qədər qalacağınızı gözləyirdiz?
- Görəcəyimiz işlər baxımından gözləyirdim. Ancaq həyat elədir ki, heç kim ömrünün nə qədər olduğunu bilmir. Suala belə cavab verə bilərəm ki, ömürlə bağlı yox, görülən işlə bağlı hə. Həm burada, həm əvvəlki işimdə, həm də futboldan öncə çalışdığım yerdə verilən tapşırığı yerinə yetirməyə çalışmışam. Müvəqqəti həyatdır, elə etməlisən ki, yaxşı xatırlanasan. Özündənrazılıq kimi çıxmasın, amma 20 il əvvəl çalışdığım idarəyə indi də gedəndə hörmətlə qarşılanıram. İstər işçilərimizdən, istərsə də klublarımızdan kiminsə işimdən narazılıq etməsinə inanmıram. Çünki işə həmişə düzgün yanaşmağa və əlimizdə olan imkandan istifadə edib köməklik göstərməyə çalışmışam.

- Nə vaxtsa istefa vermək fikrinə düşmüsüz?
- Komandaların gərgin olduğu vaxtlarda belə hallar olmuşdu. Hakim künc zərbəsini və ya autu səhv göstərəndə həmin gün klublar sürücüsünə qədər PFL-ə hücum çəkirdilər. Bir kiçik səhv o demək deyil ki, komandanın məğlubiyyətinə səbəbkar hakimdir. Bu mənada o vaxt klublar çox bezdirirdilər.

“Narazılığı üz-üzə gələndə pıçıltı ilə deyirlər”
- Həmin narazılıqlar indi xeyli səngiyib. Buradan belə çıxır ki, Peşəkar Futbol Liqası Azərbaycan futboluna peşəkarlıq gətirdi?
- Açığı, narazılıq indi də var, amma dillənə bilmirlər. Narazılığı ancaq üz-üzə gələndə pıçıltı ilə deyirlər. Səmimi danışmağı xoşlayıram. İndi hakimin böyük səhvi onun gəncliyinə bağışlanılır. Ancaq vaxtilə bir mikrosəhvi qlobal problemə çevirirdilər.

- Klubları bu fikir dəyişikliyinə vadar edən səbəb nədir?
- Vaxtilə klublarda çalışan insanlar sponsorların qarşısında bəraət qazanmaq üçün çox variantlara əl atırdılar. Ancaq Rövnəq müəllim bu qurumu yaradıb, məni rəhbər gətirəndə bir tapşırığı oldu ki, haqq-ədaləti qoruyum. Çünki biz vaxtilə “Neftçi”də çalışanda o qədər haqsızlıqla üzləşmişdik ki, ədalətli çempionatın həsrətində idik. Mənə tapşırıq verdi ki, vicdanla çalışım və necə olur-olsun, ədalətli mübarizə keçsin. Klublarda insanlar var idi ki, sponsorları aldadırdı, onların tələblərini qarşılaya bilmirdilər. Böyük büdcələr fonunda nəticə verə bilməyəndə günahı PFL-in və hakimlərin üstünə atırdılar. Halbuki heç də belə deyildi. Dəfələrlə olub ki, idarəyə hücum çəkiblər, gəlib videotəkrara baxdıqdan sonra peşman geri qayıdıblar. Hədə-qorxu ilə, fiziki güclə nəsə əldə etmək olmaz. İnsan gərək həyatda düz ola. Həmin düzlük nəticəsində ədalətli çempionat təşkil etdiyimizi deyə bilərik. Bunun bəhrəsi kimi “Qarabağ”ın, “Neftçi”nin reytinqi yüksək olub. Məsələn, “Qəbələ” avrokubokda rekorda imza atdı.

“Onlara haqsızlıq ediləndə pis olmuşam”
- PFL-ə rəhbərlik etdiyiniz müddətdə ən çox sevindiyiniz və üzüldüyünüz futbol hadisəsi nə olub?
- Heç kimin ağlına gəlməyən hadisələr oldu. Çempionlar Liqasının himni Azərbaycanda canlı səslənildi. Bu özü unudulmaz bir tarix, futbolsevərlər üçün böyük nailiyyət, qələbə idi. Həmin hadisəyə çox sevinmişdim. Təbii ki, üzüldüyüm məqamlar da oldu. Komandalarımıza avrokuboklarda haqsızlıq ediləndə pis olmuşam. Məsələn, “Qarabağ”ın İtaliya “İnter”i ilə Bakıdakı oyununu qeyd edə bilərəm. Son dəqiqədə vurulan təmiz qol sayılsaydı, Azərbaycan klubu qrupdan çıxacaqdı. Burada söhbət konkret hansısa klubdan yox, Azərbaycan futbolundan gedir. Dövlətimizi, millətimizi yaxşı tərəfdən tanıtdırmağa çalışan qurumlarımız çoxdur. Ancaq mən deyərdim ki, xaricdə ölkənin tanıtımı üçün həm ən asan, həm də ən çətin yol idmandır. Biz də idman sahəsində düzgün çalışmaqla xaricdə ölkəmizi uğurlu təmsil etməyə çalışırıq. Şükürlər olsun ki, az da olsa bu baxımdan nəyəsə nail ola bilmişik.

Ruslan Sadıqov